Saytımızı qiymətləndirin


 
 

Təxribatdan sonra sülhdən söhbət gedə bilməz - Hərbi ekspertlərdən reaksiya
Tarix: 11-05-2023 | Saat: 12:16
Bölmə:Karusel | çapa göndər

Təxribatdan sonra sülhdən söhbət gedə bilməz - Hərbi ekspertlərdən reaksiya

Vaşinqton görüşündən 6 gün sonra, Brüssel görüşündən 4 gün əvvəl Ermənistan ordusu şərti sərhəddə təxribat törədib. Rəsmi məlumatda bildirilib ki, Ermənistan hərbçiləri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

 

Təxribat zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb. 

 

Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Bundan əlavə, Azərbaycan Ordusunun adekvat cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi yaralanıb.

 

Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə olunur. Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

 

1-4 may tarixlərində Vaşinqtonda baş tutan danışıqlardan sonra, eləcə də mayın 14-də keçirilməsi planlaşdırılan Brüssel görüşündən əvvəl Ermənistanın sərhəddə təxribata əl atmasının səbəbi nədir?

 

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, ermənilər həmişə mühüm siyasi görüşlərdən əvvəl bu cür təxribatlara əl atıb.

 

"Ermənilərin tarixi təcrübəsində hər zaman belə addımlar mövcud olub. Bildiyimiz kimi, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcək. Ermənistanın bu təxribatları sülh danışıqlarına vurulan bir zərbədir. Ermənistanın bu addımları adət halını alıb. Bu təxribatlar nəticəsində Azərbaycanın hərbçisi də yaralanıb. Qarşı tərəf minaatanlardan istifadə edir. Bu da o deməkdir ki, sərhəddə tabor taktiki səviyyədə döyüş gedir. Çünki minaatanlar taborların elementidir, hər mövqedə onlar olmur. Ermənistan atəşkəsi pozmaqla yanaşı həm də toqquşmanın miqyasını böyütmək istəyir",-deyə ekspert bildirib.
 

E.Şıxəliyevin fikrincə, Ermənistan Azərbaycanı təxribata çəkmək istəyir:

 

"Toqquşmaların olduğu həmin ərazilərdə Avropa İttifaqının müşahidəçiləri də var. Ermənistan nə qədər təxribatları törədən tərəf olsa da, həmin müşahidəçilər bütün bunları Azərbaycanın əleyhinə qeydə alırlar. Yəni göstərmək istəyirlər ki, guya vəziyyəti gərginləşdirən Azərbaycandır. Ermənistan bu cür addım atmaqla siyasi danışıqların pozulması üçün bir vəziyyət yaranmasını istəyir. Lokal konfliktin yaranması taktiki bir vəziyyətdir. Belə olduğu halda da Azərbaycan Silahlı Qüvvələrinin birinci eşalonunun taborları düşmənə misli ilə cavab verir. Hazırkı toqquşmaların böyükmiqyaslı hərbi əməliyyatlara çevrilməsi isə yalnız Ermənistan tərəfinə sərf edir. Qarşı tərəf elə bizi məhz buna sürükləmək istəyir. Sərhədlərin demarkasiya və delimitasiyası üzrə iş getdiyi və sülh sazişi ilə bağlı müəyyən addımların atıldığı bir müddətdə Ermənistan Avropa institutlarında belə toqquşmaları bizə qarşı istifadə edir. Yəni böyük hərbi əməliyyatların keçirilməsi bizim cəmiyyətdə nə qədər məqbul sayılsa da, siyasi olaraq qəbul edilmir. Ona görə də bölmələrimizin ermənilərin təxribatına yalnız taktiki cavab verməsi ən doğru olandır". 

 


"Əslində Ermənistanın İranı hərbi-strateji müttəfiq elan etməsi o deməkdir ki, fars rejiminin arsenalında hansı silahlar varsa, bu, ermənilərdə də olacaq. Yəni bizim bilmədiyimiz bir vaxtda İran Ermənistana müəyyən bir maliyyə qarşılığında bu silahları ötürə bilər. Açığı, 44 günlük müharibədən sonra Ermənistanın hərbi arsenalında elə bir boşluq yaranıb ki, onu kimsə doldurmalıdır. Təbii ki, bu da İran olacaq. Ermənistan bu PUA-lardan istifadə edərək, guya ordusunun ayağa qalxdığını göstərmək istəyir, ancaq indiki halda qısa müddətdə onlar silahlanıb bizə qarşı müharibə elan edə bilməz. Ermənistanın təxribatlara əl atmasının səbəblərindən biri də İranın təhrik etməsidir. Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmaması və digər məsələlərdə İran və Ermənistan eyni yolu tutublar", - E.Şıxəliyev əlavə edib.

 

 


 

Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Ermənistan təxribat törətməklə bir daha göstərdi ki, sülh haqqında verdiyi bəyanatların əsası yoxdur.

 

"Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb. Qarşı tərəf əvvəllər olduğu kimi indi də danışıqlar öncəsi təxribat törətməyə davam edir. Təbii ki, bunun qarşısını almaq üçün Azərbaycan Ordusu adekvat tədbirlər görməyə davam edəcək. Bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da kifayət qədər aktualdır. Ermənistanın bu cür addım atması sülh danışıqlarını sual altına salır. Azərbaycan Ordusunun hərbçisi öz tarixi torpaqlarından açılan atəş nəticəsində xəsarət alırsa, hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Onlara sülh lazım deyilsə, Azərbaycan üçün heç lazım deyil. Sülh sazişinin imzalanması daha çox Ermənistana lazımdır", - deyə ekspert qeyd edib.



Xəbəri paylaş

1105 dəfə oxunub.

Digər xəbərlər
19-08-2024, 12:43 Putin Fəxri xiyabanda