Tarix: 10-05-2023 | Saat: 14:31
Bölmə:Karusel / Müsahibə | çapa göndər
“Kremldəkilərin gözü Heydər Əliyevi götürmürdü. Xüsusi ilə də SSRİ rəhbəri Mixail Qorbaçovla Nazirlər Sovetinin sədri Nikolay Rıjkovun... Çünki Heydər Əliyev kimi professionalın yanında onların fəaliyyəti kölgədə qalırdı”.
Bu fikirləri APA-nın Moskva müxbiri Fərid Əkbərova müsahibələrində vaxtı ilə Heydər Əliyevlə birlikdə Kremldə çalışmış həmkarları bildirib. Ulu öndərin 100 illik yubileyi münasibəti ilə onun 1982-1987-ci illəri əhatə edən Moskva fəaliyyəti dövrü, Vyetnam, Suriya, Anqolaya səfərləri, Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirən “Zəngəzur dəhlizi” planı barədə Rusiya büromuzun hazırladığı reportajı təqdim edirik.
Kreml. 1982-ci il
1969-82-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi onun SSRİ miqyasında görkəmli siyasi xadim, rəhbər və dövlət başçısı kimi tanınması ilə nəticələnmişdi. Məhz bu səbəbdən 1982-ci ildə Sovet İttifaqı ali rəhbərliyi Heydər Əliyevi Moskvaya, partiya və dövlət hakimiyyətində yüksək vəzifəyə irəli çəkmişdi.
Heydər Əliyevin Kremldəki iş otağı o vaxt 15 saylı korpus adlanan binada yerləşirdi. Hazırda həmin bina Rusiya Prezidenti Vladimir Putinin Kremldəki iqamətgahı hesab olunur.
Vladimir Tupitsin. Heydər Əliyevin sürücüsü. KQB-nin 9-cu idarəsinin əməkdaşı. Qeyd: Tupitsin Vladimir Vladimiroviç Heydər Əliyevə qədər SSRİ rəhbəri Leonid Brejnevin sürücüsü işləyib. Kreml Brejnevin həm xidməti avtomobilini, həm sürücüsünü, həm də mühafizəçisini Heydər Əliyevə təhkim edib.
“Heydər Əliyevlə ilk görüşüm Moskvada hava limanında olmuşdu. O, Moskvaya yeni vəzifəyə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Hava limanında onu qarşıladıq. Heydər Əliyevə onun sürücüsü təyin olunduğumu söylədim. O gülümsədi. Heydər Əliyevin çox gözəl təbəssümü vardı. Mən onun Moskvada bütün fəaliyyəti dövrü sürücülüyünü etdim. Onu da deyim ki, mən Heydər Əliyev haqqında o, hələ Moskvaya təyin olunmamışdan öncə eşitmişdim. O, Kommunist Partiyası Siyasi bürosunun üzvü idi, tez-tez Moskvada olurdu. Mənim işim çox məsuliyyətli idi. Mən KQB-nin 9-cu idarəsinin əməkdaşı kimi Heydər Əliyevin mühafizəsi və təhlükəsizliyinə məsuliyyət daşıyırdım. Onun hərəkət marşrutunun təhlükəsizliyini təmin etmək bizim işimizin əsas funksiyası idi. Hər gün onun hərəkət marşrutu bütün incəliklərinə qədər yoxlanılırdı. Ona görə də Heydər Əliyev bizə tamamilə güvənirdi. Biz hətta Bakıya ezamiyyətə gedəndə də onunla birlikdə olurduq. Mən əvvəlcədən Heydər Əliyevin kortejinə daxil olan iki avtomobili Bakıya qatarla, xüsusi vaqonda aparırdım. Həmin vaqon qaraj sərnişin vaqonu kimi kamuflyaj olunurdu. Bir əsas, bir də mühafizəçilərin avtomobili Heydər Əliyevin Azərbaycana səfərində onun istifadəsində olurdu. Biz onunla Azərbaycanın rayonlarına səfərlər edirdik. O, xalqla yaxın təmasda olurdu, onların yaşayışı ilə maraqlanırdı. Moskvada da onu çox istəyirdilər. Çünki o, çox mehriban, səmimi insan idi”, - deyə Tupitsin vurğulayıb.
Heydər Əliyevin Kremldəki aparatının katibi vəzifəsində çalışmış Camal Camalov Ulu öndərlə ilk görüşünü belə xatırlayır:
“Mən Heydər Əliyevlə 1982-ci ilin noyabrında, o, Leonid Brejnevin dəfninə gələndə tanış olmuşdum. Elə həmin ilin noyabrın 26-da mən ilk dəfə Heydər Əliyevin canlı çıxışının şahidi oldum. 22 dekabr 1982-ci ildən mən Heydər Əliyevin katibi kimə fəaliyyətə başladım. Mənim əsas işim Heydər Əliyevin ünvanına Kremlə gələn müraciətlər barədə qeydlər hazırlamaq idi. Hər il, təkcə elə Azərbaycandan Heydər Əliyevin ünvanına Kremlə 3 mindən çox müraciət daxil olurdu. Kremldə heç bir rəhbərin ünvanına bu qədər müraciətlər olmurdu.
1983-cü il Heydər Əliyev üçün çox ağır başladı. Mart ayında Ulyanovsk faciəsi baş verdi. “Admiral Suvorov” teploxodu körpü ilə toqquşmuşdu, nəticədə 160 nəfərdən çox insan həyatını itirmişdi. Bu hadisənin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılmış dövlət komissiyasının rəhbəri Heydər Əliyev təyin edilmişdi.
1986-cı il avqustun sonunda Novorossiyskdə “Andmiral Naximov” gəmisi faciəsi baş verdi. Bu faciədə 420-dən çox insan həyatını itirdi. Heydər Əliyev yenə dövlət komissiyasının rəhbəri təyin edilmişdi. Həmin vaxt Heydər Əliyev 18 gün Novorossiyasikdə qaldı, bütün həlak olanların qohumları ilə görüşlər keçirdi. Baxmayaraq ki, Qorbaçov Stavropol diyarında istirahət edirdi, o bircə də dəfə olsun Novorossiyskə gəlmədi”.
SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafı, xarici əlaqələrin qurulması
Bütün SSRİ-nin sosial-iqtisadi və mədəni inkişafına rəhbərlik etmək, Sovet hökumətinin iqtisadi inkişaf strategiyasını istiqamətləndirmək, SSRİ-nin xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərlə qarşılıqlı münasibətlər yaradılması uğrunda məsuliyyətli və çətin vəzifələrin yerinə yetirilməsi məhz Heydər Əliyevə tapşırılmışdı.
Yuri Nikolayeviç Soloduxin. 1983-84-cü illərdə Heydər Əliyevin köməkçisi vəzifəsində çalışıb. Qeyd: 85 yaşlı Yuri Nikolayeviç hazırda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun spiçrayteri vəzifəsində çalışır.
“Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 1983-cü ildə Vyetnama səfərini xatırlayıram. Səfərin məqsədi müharibədən çıxmış qardaş Vyetnam Respublikası üçün hansı kompleks işlər görülə biləcəyi idi. Bizi Vyetnamda çox yaxşı qarşıladılar. Orada böyük qrup azərbaycanlılar vardı. Onlar Vyetnamın neft sənayesini quranlar idi. Həmin səfərdən artıq 40 il keçib. Vyetnam indi Cənub-Şərqi Asiyanın ən inkişaf etmiş ölkələrindən biridir. Çox xoşdur ki, bu gün bu inkişafın kökündə SSRİ-nin və Vyetnama hərtərəfli yardım proqramın rəhbəri Heydər Əliyevin verdiyi töhfələr dayanır”, - deyə Soloduxin Ulu öndərlər bağlı xatirələrini bölüşüb.
Viktor Nemuşkov. Heydər Əliyevin mühafizəçisi, “KQB”-nin 9-cu idarəsinin əməkdaşı. Qeyd: Nemuşkov daha sonra Qorbaçovun mühafizəsinin rəisi vəzifəsində çalışıb, “KQB”-nin 9-cu idarəsinin rəisi olub.
“Mən Heydər Əliyevlə 1982-ci ildə tanış olmuşdum. SSRİ-nin 60 illiyi ilə bağlı Lenin Mavzoleyinə əklil qoyma mərasimi idi. Mən KQB-nin 9-cu idarəsinin əməkdaşı idim. Biz həmin tədbirin təhlükəsizliyinə cavabdeh idik. 1983-cü ilin yanvarında o, məni müsahibəyə dəvət elədi. Həmin vaxtdan 1988-ci ilə kimi onunla işlədim. Heydər Əliyevə kimi isə Brejnevin mühafizəçisi idim. Brejnev öləndən sonra Heydər Əliyevin mühafizəçisi oldum.
Heydər Əliyev çox müdrik və savadlı insan idi. Hər şeyin yerini bilirdi. Qarşısındakını dinləyirdi, ona güvənirdi. O, əsl çekist idi. KQB-nin sıravi əməkdaşlığından sədri vəzifəsinə kimi yüksəlmişdi. Ona görə də, Heydər Əliyev vəziyyəti yaxşı qiymətləndirmək qabiliyyətinə malik idi. O, vəziyyəti düzgün qiymətləndirə, analiz edə bilirdi və hər zaman düzgün proqnozlar verirdi.
Zərifə Əliyevanın itkisi ona çox böyük ciddi zərbə oldu. Həmin müddət Heydər Əliyev çox güclü həyəcan keçirirdi.
Heydər Əliyev Kommunist Partiyası Siyasi Bürosunun üzvlüyündən kənarlaşdırılan kimi, təbii ki, mühafizəçiləri də ondan ayırdılar. Mən Mixal Qorbaçovun mühafizə xidmətinin rəhbəri oldum. Qorbaçovu xarici ölkələrə səfəri zamanı da mühafizə edirdik. Əgər Heydər Əliyevlə Qorbaçovu müqayisə etsək, əlbəttə ki, Əliyev çox müdrik idi. O, bütün problemlərə daha ciddi yanaşırdı. Qorbaçovda, daha sonrakı rəhbərlərdə isə mən bunu görmədim. Əliyev özü-özlüyündə çox güclü insan idi. Onun qəbul etdiyi qərarlar, gördüyü işlər hamıya məlumdur. Daha Qorbaçovun qəbul etdiyi qərarlar kimi yox... Hamımız gördük Qorbaçovun qəbul etdiyi qərarları... Mən heç onları müqayisə belə etməzdim. Digər tərəfdən də, bəli Qorbaçov hüquqşünas idi, MQU-nu (Moskva Dövlət Universiteti-red.) bitirmişdi, amma Heydər Əliyevin çekist fəaliyyəti, təcrübəsi öz sözünü deyirdi. O, daha çox məlumatlı idi, çox şeyi, vəziyyəti Qorbaçovdan daha çox və daha yaxşı anlayırdı”, deyə Nemuşkov qeyd edib.
O, Heydər Əliyevin təhlükəsizliyinin təmin olunması ilə bağlı yadda qalan bəzi xatirələri də bölüşüb: “1985-ci ildə Anqolada səfərdə idik. Əmək Partiyasının qurultayı idi. Heydər Əliyev Rəyasət Heyətində idi. Anqola Prezidenti Duş Santuş qurultayı açdı və bu anda zalda işıqlar tamamilə söndü. Hər yerə qaranlıq çökdü, göz gözü görmürdü. Heç nə görünmürdü. Zalın çıxış qapıları bağlı idi. Mən birdən səs eşitdim: “Viktor, burdasan? Bəli, Heydər Əliyeviç, burdayam! Necə edək, gözləyək?” deyə o soruşdu. Mən başqa çıxış yolumuzun olmadığını söylədim. Bir müddət sonra zalın qapıları açıldı, biz fasiləyə çıxdıq. Anqola prezidenti Bakıda təhsil almışdı. Heydər Əliyevlə rus dilində danışırdılar. Bir dəfə də, Mozambikdə Heydər Əliyevlə Santuşla görüşürdü. Santuş özü ilə tərcüməçi gətirmişdi. Heydər Əliyev onun rus dilini bildiyini xatırlatdı və onlar rus dilində danışmağa başladılar”.
Heydər Əliyevin Suriya səfəri, Bəşər Əsədin atası Hafiz Əsədlə uzun sürən danışıqları barədə
Nemuşkov Heydər Əliyevlə Suriyaya səfərə getdiklərini xatırlayıb: “Onun prezident Hafiz Əsədlə görüşü vardı və bu görüş çox uzandı və gec bitdi. Görüşdən sonra Heydər Əliyev dedi ki, daha bir gün Suriyada qalmalı olacağıq. Danışıqlar daha bir gün davam etməli idi. Amma Əliyevin Əsədlə nələri müzakirə etdiyindən xəbərimiz yox idi. Çünki Əsədlə danışıqlarda biz iştirak etmirdik. Nümayəndə heyəti də geniş deyildi. Heydər Əliyev, SSRİ-nin Suriyadakı səfiri və Mərkəzi Komitənin Yaxın Şərq üzrə kuratoru danışıqlarda iştirak edirdi. Həmin gün gecə vaxtı SSRİ səfiri Heydər Əliyevin qaldığı rezidensiyaya zəng eləmişdi. Zəngə bizim növbətçi cavab vermişdi. O, mənim yanıma gəldi, səfirin Heydər Əliyevlə təcili danışmaq xahişini çatdırdı. Mən səfirə çox gec olduğunu, səhərin açılmasına 3 saat qaldığını söylədim. Səfir isə məsələnin çox təcili və vacib olduğunu bildirdi. Heydər Əliyevin yanına daxil oldum, ona səfirin zəngi və xahişini məruzə etdim. Əliyev otağından çıxıb telefona gəldi. Səfir Hafiz Əsədin qardaşı Rifat Əsədin, hansı ki, həmin vaxt Suriyanın Hərbi Hava Qüvvələrinin komandanı kimi hakimiyyət çevrilişinə cəhd etmişdi, görüşmək üçün xahişini çatdırdı. Heydər Əliyev bu görüşə razılıq verdi. Səhər biz Hafiz Əsədin qardaşı ilə görüşə getdik. Onun iqamətgahı Dəməşqdən kənarda, hərbi hissənin ərazisində yerləşirdi. Heydər Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzümüşdü. Rifat Əsədlə ilə də danışıqlar uzun çəkdi. Bu danışıqlarda isə mən iştirak edirdim. Heydər Əliyev özü mənim həmin danışıqlarda iştirak etməyimi istəmişdi. Bunun səbəbi isə o idi ki, Rifat Əsədi Əliyevlə danışıqlar zamanı mühafizəçisi də müşayiət edirdi. Ona görə də, Heydər Əliyev pariteti qorumaq üçün mənim də həmin danışıqlarda iştirakımı istəmişdi”.
Heydər Əliyevin ötən əsrin 80-ci illərində Zəngəzur dəhlizi planı
Heydər Əliyevin Kreml, Moskva fəaliyyətini araşdıran zaman maraqlı bir detal ortaya çıxır. Məlum olur ki, Ulu öndər hələ ötən əsrin 80-ci illərindən Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək avtomobil yolunun çəkilməsini planlaşdırıb və bunu SSRİ müdafiə naziri Dmitri Ustinovla da müzakirə edib.
Camal Camalov. Heydər Əliyevin Kremldəki aparatının katibi Zəngəzur dəhlizi planı ilə bağlı:
“Heydər Əliyev Zəngilandan, Ermənistan ərazisindən keçməklə Ordubada yol çəkilməsi ideyasını hələ 1985-ci ildə vermişdi. Bu indi “Zəngəzur dəhlizi” adlanan yol idi. O, Naxçıvanla Azərbaycanın digər rayonlarını birləşdirən bu yolun çəkilməsini çox istəyirdi. Heydər Əliyev bu layihəni SSRİ müdafiə naziri Dmitri Ustinovla müzakirə etmişdi. Onların çox mehriban münasibətləri vardı. Ustinovun 75 illik yubileyi olanda Əliyev Tahir Salahovdan onun portretini çəkməyi xahiş etmişdi. Salahov portret çəkmirdi. Lakin Əliyevin xahişi ilə Ustinovun portretini çəkmişdi. Lakin 1985-ci ildə Ustinov qəfil vəfat edir. 1986-cı ildə Heydər Əliyevin qəbuluna SSRİ müdafiə naziri Sergey Sokolov gəldi. Həmin gün Əliyevin qəbul günündə müdafiə naziri ilə görüş yox idi. Mən Sokolovdan hansı məsələ ilə bağlı gəldiyini soruşdum. O, mənə Ustinovdan bir qovluq qaldığını və qovluqdakı məsələni Heydər Əliyevlə müzakirə etmək istədiyini söylədi. Sokolov mənə qovluqda hansı məsələnin olduğunu qısaca danışdı. Bildirdi ki, Ustinov Astaradan başlayıb İran sərhədi boyunca Sədərəkə kimi hərbi Azərbaycan yolu çəkməyi planlaşdırırmış. Bu yol, SSRİ-nin qoşunlarının cəld dislokasiyası üçün dörd cərgəli olmalı imiş. Azərbaycan tərəfi bütün sənədləri imzalayır, Ermənistan tərəfi isə Mincivandan Ordubada kimi 43 kilometrlik yolun çəkilməsinə razılıq vermək istəmirmiş. 1986-cı ilin SSRİ Ali Sovetinin yaz sessiyasına Ermənistandan nümayəndə heyəti Moskvaya gəlir. Dəmirçiyan və Abramyan Heydər Əliyevin qəbulunda olurlar. Hətta bu yolun tikintisinə də başlanılır. Mincivandan Nüvədiyə kimi yol çəkilir. Lakin bununla da hər şey bitir. Baxın üstündən neçə il keçir, biz yenə həmin yolun inşasına qayıdırıq. Ermənistan rəhbərliyinin tərsliyi ucbatından o vaxt bu layihə baş tutmadı. Onlar o vaxt bunu belə əsaslandırırmışlar ki, guya həmin yolun tikintisi ilə Ermənistan məhsuldar torpaqlarını itirir. Lakin həmin ərazilər çox sərt dağlıq relyefə malik ərazilərdir. Orada heç bir məhsuldar torpaq yoxdur”.
SSRİ dağılmağa doğru gedir: Çernenko ölür, hakimiyyətə Qorbaçov gəlir
1985-ci ilin martında SSRİ lideri Konstantin Çernenko vəfat edir. Hakimiyyətə Mixail Qorbaçov gəlir. Elə həmin ildə Qorbaçovla Əliyev arasında ilk toqquşma baş verir. Belə ki, Kommunist Partiyası Mərkəzi Komitəsinin Baykal Amur Magistralının (BAM-red.) inşasının davam etdirilməsi ilə bağlı qərarı Qorbaçov tərəfindən təxirə salınmışdı.
İqor Prostyakov. 1982-87-ci illərdə SSRİ Nazirlər Sovetinin şöbə müdiri
“Müəyyən vaxtdan sonra Qorbaçov və Rıjkov Heydər Əliyevi sıxışdırmağa başladılar. Baxmayaraq ki, Heydər Əliyev Siyasi büronun üzv idi…Onlar Heydər Əliyevin cavabdeh olduğu sosial sahəni stimullaşdırılmasının qarşısını alırdılar. Əliyevlə Qorbaçov tam fərqli insanlar idi. Qorbaçov vəziyyəti düzgün qiymətləndirə bilmirdi. Əliyevin hazırladığı sosial layihələr müzakirəyə çıxarılan zaman dərhal Rıjkovla Qorbaçov bunun əleyhinə çıxırdılar. Bəhanə də gətirirdilər ki, guya həmin layihələrdə elmi əsaslandırma, rəqəmlər filan yoxdur. Amma təbii ki, məsələ başqa idi. Hamı başa düşürdü ki, Heydər Əliyev sıxışdırılır”.
Camal Camalov. Heydər Əliyevin Kremldəki aparatının katibi
“Bütün SSRİ rəhbərliyi BAM-ın ölkə üçün nə qədər vacib layihə olduğunu anlayırdı, lakin Qorbaçov bu layihənin üstündən nədənsə xətt çəkirdi. Heydər Əliyev əslində Qorbaçovun bu qərarının şəxsinə qarşı münasibətdən olduğunu yaxşı anlayırdı”.
Gərgin iş və SSRİ rəhbərliyinin qısqanclığı, Heydər Əliyevin fəaliyyətinə süni maneələr yaratması onun səhhətində problemlərə səbəb olur.
Aleksandr Borotkin. Heydər Əliyevin şəxsi həkimi
“Mən Miçurin prospektindəki 4-cü idarənin xəstəxanasında həkim-terapevt işləyirdim. Baş həkim məni yanına çağırdı. Mənə Heydər Əliyevin şəxsi həkimi olmağı təklif elədi. Bir-iki həftədən sonra mənə zəng gəldi. Məni Kremlə Heydər Əliyevlə müsahibəyə dəvət etdilər. Yaxşı yadımdadır, həftənin şənbə günü və günün ikinci yarısı idi. Kremlə gəldim, məni Heydər Əliyevin katibi Camal qarşıladı. Bir müddət sonra məni kabinetə dəvət etdilər. Daxil olub Heydər Əliyevlə salamlaşdım. O, mənimlə tanış olmağa başladı, ümumi suallar verirdi. Heydər Əliyev mənə onunla işləyəcəyimi və ilk növbədə uşaqları və nəvələrinin sağlamlığını nəzərə almağımı söylədi. Heydər Əliyev çox sağlam, gümrah idi. Biz onunla sağollaşdıq. Bir neçə gün sonra isə Volqoqrada ezamiyyət zamanı onunla birlikdə uçdum. Onun bütün günü ayaq üstə olmağı, insanlarla təması, iş qabiliyyəti və gümrahlığı məni təəccübləndirmişdi. Heydər Əliyevin həyat ritmi çox yüksək idi, mən belə şey görməmişdim”, - deyə Heydər Əliyevin şəxsi həkimi qeyd edib.
Borotkinin sözlərinə görə, Heydər Əliyev infarkt olandan sonra çox həyəcan keçirirdi: “O, heç cür xəstə olması ilə barışmaq istəmirdi. İnfarktdan sonra kritik vəziyyəti geridə qoymayan Heydər Əliyev xəstəxanada belə işləməyə çalışırdı. Vəziyyət o yerə gəlib çatmışdı ki, biz onu itirəcəyimizi düşünürdük. Çünki, o, infarkt olmuşdu. Ona işləmək qətiyyən olmazdı. Lakin o, xəstəxanada öz aparatından kimlərinsə gəlməsini tələb edirdi”.
Borotkin Heydər Əliyevin infarkt keçirənə qədər heç vaxt sağlamlığından şikayət etmədiyini xüsusi vurğulayıb: “O, tam sağlam idi. Bunu onun gündəlik həyat tərzinə, iş tempinə baxanda açıq aydın görmək olurdu. Onun xəstələnməsi günəşli havada birdən şimşək çaxması kimi idi. Mən şəxsi həkimi kimi onun sağlamlığında heç bir problem görməmişdim.
Kluarlarda söhbətlər gəzirdi ki, Heydər Əliyevin Mixail Qorbaçovla münasibətləri korlanmışdı və onun birdən infarkt keçirməsi bununla əlaqələndirilirdi. Lakin bir həkim kimi mən bu məsələlərdə dərinə getməmişdim. Mənim işim Heydər Əliyevin sağlamlığını bərpa etmək idi.
Heydər Əliyev infarkt keçirəndən sonra Miçurin prospektindəki xüsusi xəstəxanada müalicə alırdı. Həmin vaxt demək olar ki, hər gün Çazov (Kremlin Baş həkimi Yevgeni Çazov-red.) onun yanında gəlir, söhbət edirdi. Düzünü desəm, biz həmin söhbətlərdə iştirak etmirdik. Ona görə ki, bəzən şəxsi söhbətlər olurdu. Çazov onun müalicəsində iştirak edirdi. Konsulium vaxtı isə hamımız birlikdə olurduq.
Heydər Əliyev sağlamlığına çox önəm verirdi. Siqaret çəkmirdi, alkoqol qəbul etmirdi. 6 ay mən onunla Miçurin prospektindəki xəstəxanada oldum. Xəstəxanadan sonra da demək olar bir gündən bir, daha sonra isə həftədə bir dəfə Heydər Əliyevlə görüşürdüm. Onun səhhəti daim nəzarətdə idi. Sonuncu dəfə o, Azərbaycana qayıtmamışdan az öncə görüşümüz oldu. Biz onunla vidalaşdıq. O, Azərbaycana qayıdacağı ilə bağlı bir söz demədi. Əsl çekist idi, bu haqda susurdu”, - deyə Heydər Əliyevin şəxsi həkimi xatirələrini bölüşüb.
1987-ci ilin 20 oktyabr tarixində Heydər Əliyev SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən azad olunmaqla bağlı ərizə yazır. 23 noyabrda isə bütün işlərini təhvil verib Kremli tərk edir. Onun Kremlə növbəti səfəri isə daha əzəmətli, müstəqil Azərbaycanın prezidenti qismində baş tutacaqdı.
Digər xəbərlər