Qarabağda yaşayan ermənilərin Ermənistan vətəndaşlığını təsdiq edən pasportlarının müddəti bitdikdən sonra onlar yeni əməliyyat edə bilməyəcəklər. Buna səbəb isə onlara yeni pasportların verilməyəcəyinə dair xəbərdarlığın edilməsidir. Üstəlik ermənilərin bank kartlarının etibarlılıq müddətini artırmaq və Ermənistandan alınan pensiyaların köçürülməsi təmin etmək mümkün olmayacaq. Hətta bu barədə separatçıların nümayəndəsi Arşak Abramyan da bir müddət öncə fikir bildirib. Bəs görəsən, Ermənistan bu addımı atmaqla Qarabağdakı erməniləri Azərbaycanla inteqrasiyaya sövq edir, yoxsa İrəvanın başqa planları var?
Qarabaginfo.az xəbər verir ki, mövzunu Konkret.az-a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan Nikol Paşinyanın timsalında dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilərin taleyi Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməlidir. Dolayısı ilə bu, oradakı erməni əhalisinin Azərbaycanla reinteqrasiyaya təşviq olunması kimi anlaşıla bilər: “Bəli, pasport müddəti bitir, onların hüquqi statusu isə bəlli deyil. Qarabağdakı ermənilərə yeni pasportların paylanacağına isə vəd verilmir, hətta bundan imtina ilə bağlı xəbərlər də yayılmaqdadır. Burada yeganə yol ermənilərin Azərbaycan pasportu almalarıdır. Beləliklə, ermənilərin həm bank əməliyyatları, həm daxili hərəkətləri, həm də başqa ölkələrə getmələri üçün heç bir maneə yaranmaz. Bu, həm də beynəlxalq danışıqlar prosesində üstüörtülü şəkildə ifadə edilən bir tələbdir. Yəni Qarabağ probleminin həlli Azərbaycan və Ermənistan arasında sülhün imzalanmasının əsas şərtlərindən biridir. Hər kəs rəsmi Bakının bu ərazilər üzərində suverenliyini tanıyır, Ermənistan isə oradakı ermənilərə pasport vermək hüququna malik deyil. Odur ki, Qarabağdakı ermənilər üçün yeganə yol Azərbaycan pasportlarının alınması və ondan istifadə edilməsidir. Onlar öz razılığını bildirsələr bir həftə ərzində həmin ərazilərdə yaşayan erməni vətəndaşlarına Azərbaycan pasportu verə bilərik”.
Qabil Hüseynli əlavə edib ki, ermənilər bizim vətəndaşlıqdan imtina etsələr, o zaman əziyyəti özləri çəkəcəklər: “Amma onların belə bir addım atacağını zənn etmirəm. Hər bir halda seçim ermənilərindir, ya bizim əraziləri tərk etməli, ya da orada Azərbaycanın Konstitusiyasının tələb etdiyi qaydalarla yaşamalıdırlar. Təbii ki, Ermənistan Qarabağdakı erməniləri könüllü şəkildə Azərbaycanla inteqrasiyaya sövq etmir. Sadəcə olaraq rəsmi İrəvan buna məcburdur. Çünki ortada beynəlxalq aləm, eləcə də imzalanan Soçi və Praqa bəyanatları var. Üstəlik, qarşıda sülh müqaviləsinin imzalanması gözlənilir ki, bu da inteqrasiya prosesi olmadan həyata keçirilə bilməz”.