Saytımızı qiymətləndirin


 
 

Ramazan qurtardı, mərdimazarlığa başlayaq?! 
Tarix: 22-04-2023 | Saat: 14:33
Bölmə:Karusel / Yazar | çapa göndər

Ramazan qurtardı, mərdimazarlığa başlayaq?!  Allahın lütfü sayəsində müqəddəs Ramazan ayını geridə qoyduq. Ümid edirəm ki, bu bir ayın xatirinə Uca Allah günhalarımızı bağışlayıb öz hidayətini bizdən əsirgəməz... 

Kaş, Ramazan bir yox, bir neçə ay davam edəydi. Ona görə yox ki, milyonlarla müsəlman oruc tutanda dünyadakı bütün acların qarnı doyacaq. Yox, əşşi! Elə adamlar var ki, başqa vaxt yediklərinin üç qatını iftar və sahurda həzmi-rabedən keçirirlər. Söhbət az və çox yeməkdən getmir. Ramazan ayının öz hikməti, öz aurası var. İlin 11 ayında araq içdiyinə görə qınadığınız adamlar belə Ramazanda pis əməllərdən uzaq durmağa, Yaradana qovuşmağa çalışırlar. Mömin həyatı yaşamadığına əmin olduğum, amma bu müqəddəs ayda yalan və yaramazlıqdan uzaq düşməyə çalışan adamlar üçün bir fürsətdir Ramazan...

Mən çevrəsi geniş olan adamlardanam. Yolunu azan, doğmaca qardaşının ayağının altını qazan hər cür insan görmüşəm. Ramazan neçə-neçə belə adamın pis əməllərdən uzaq qalmasına vəsilə oldu. Hətta Ramazanın qüdrəti sayəsində pis vərdişlərdən birdəfəlik qurtulanlar da oldu...

Bu gün bayramın ikinci günüdür. Sabahdan əvvəlki həyatımıza dönəcəyik. Həyat yenə ənənəvi axarı ilə davam edəcək. Bir ay oruc tutan bəzi market sahibləri yenə köhnə, vaxtı keçmiş məhsulları ikiqat qiymətə müştərilərə sırıyacaq. Oruc tutduğu üçün ötən bir ay ərzində ədalətsiz qərarlar çıxarmaqdan yayınan bəzi hakimlər yenə qanunun sərtü üzünü kasıba, yumşaq üzünü varlıya göstərəcək. Pulu olmayan pasiyentlər yenə xəstəxana dəhlizlərində zarıya-zarıya qalacaq. Qabağa getmək eşqi ilə alışıb-yanan yalatqlar və alçaqlar yenə meydan sulayacaq...

İlin 12 ayını da Ramazan ab-havasında yaşaya bilmərikmi? Başımızın üstündəki Allahın bütün əməllərimizə şahidlik etdiyini düşünüb yalan və talandan uzaq qala bilmərikmi? Ramazan bitdi, indi nə edək? Yenə mərdimazarlığa başlayaq? Yenə çiynimizə 11 ay sonra bağışlanması üçün günah yükləyək? Hər şey öz əlimizdədir. Bütün günahlardan arınıb-duruna bilərik. Axı biz yer üzündəki bütün canlıların əşrəfiyik. O, bizi insan yaradıb. Digər canlılardan fərqli olaraq, bizə şux qamət, ağıl, zəka verib ki, insan kimi yaşayaq. Əlimizə keçəni yağmalamayaq...

Bayramınız mübarək!



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər