Saytımızı qiymətləndirin


 
 

Əfşar Süleymanidən ermənilərin İrandakı ikiüzlü tərəfdarlarına ağır cavab
Tarix: 28-03-2023 | Saat: 16:59
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

Əfşar Süleymanidən ermənilərin İrandakı ikiüzlü tərəfdarlarına ağır cavab

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri Əfşar Süleymani İrandakı Ermənistan tərəfdarlarının axmaq və ikiüzlü “əsaslandırmaları”na sərt reaksiya verib.

“Yeni Sabah”a açıqlamasında sabiq səfir bildirib ki, İrandakı Ermənistan tərəfdarları yazır ki, Naxçıvan bölgəsinin Azərbaycandan ayrılmasına səbəb olan və İranla Ermənistan arasında sərhəd bölgəsi olan Ermənistanın Zəngəzur (Sünik) vilayəti Azərbaycanın nəzarətinə keçərsə, bir tərəfdən İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi kəsiləcək, İranın geosiyasi mövqeyi risk altına düşəcəkdir, digər tərəfdən isə, Azərbaycan Türkiyəyə birləşəcək, Türkiyə və NATO Xəzər dənizinə çıxışa malik olacaq, İsrailin də bölgədə nüfuzu artacaq...

Ə. Süleymani deyir ki, bu “arqument”lər  ortaya bir sıra suallar çıxarır:

Birincisi, İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi nə vaxtdan Ermənistan vasitəsilə həyata keçirilir ki, bundan heç kimin xəbəri yoxdur? Bu cür daşlı-kəsəkli, bahalı və təhlükəli marşrutda belə hərəkət dayandırılmayıb! Heç bir sənədə əsaslanmayan bu təhlillərin müəllifləri mənim kimi savadsız insanların fikirlərini işıqlandırmaq üçün İran və qeyri-İran qoşqu və yük maşınlarının Ermənistan üzərindən Avropaya yük daşıması ilə bağlı statistik məlumatları təqdim etsinlər və onları Türkiyədən Avropaya və Azərbaycandan Rusiya, Gürcüstan və Qara dənizə qədər analoji statistika ilə müqayisə etsinlər. 

Bu, İranın həmişə Rusiya, Şərqi Avropa, Gürcüstan, Qafqaz və Qara dənizin əsas hissəsi olan Xəzər dənizi və ya Azərbaycan vasitəsilə bağlı olması, Türkiyə vasitəsilə Avropa ilə nəqliyyat əlaqəsi olması deyilmi?

Belə bir vəziyyətdə, Putin və Kremlin israfçılığı və strateji səhvləri ucbatından Rusiyanın Ukraynaya, Şərqi Avropaya, Balkanlara və Baltikyanı regiona yolu bağlandığı bir şəraitdə, İranın Avropa ilə hansı quru yolu ilə ticarət və başqa əlaqələri var?”

Ə. Süleymani daha sonra sual edir ki, Türkiyə 60 ildən çox bir müddət NATO-nun üzvü və bazası deyilmi? Niyə indiyə kimi heç bir iddiaçı ekspert bu məsələ ilə bağlı danışmayıb, amma indi vay-şivən qoparırlar?

“Üçüncüsü, Türkiyənin uzun illərdir İsraillə rəsmi əlaqələri yoxdurmu? Ərəb ölkələri və İrana qonşu dövlətlərin İsraillə rəsmi və ya qeyri-rəsmi əlaqələri yoxdurmu? Yaxud da İsraillə münasibətlərdə heç bir gərginlikləri olmayıb və ya yoxdur? İranla qonşu olan ölkələr NATO ilə sülh naminə fərdi müqavilələr və tərəfdaşlıq sazişləri şəklində əməkdaşlıq etmirlərmi?

Dördüncüsü, geosiyasət dövlətlərdən ümumi maraqlar əsasında əməkdaşlıq etməyi tələb edir. Xəzər dənizinə çıxmaq üçün Türkiyənin yalnız Zəngəzur və ya Sünik marşrutuna ehtiyacı yoxdur. Türkiyənin Ermənistanla 600 kilometr sərhədi var və şübhəsiz ki, çox da uzaq olmayan gələcəkdə iki ölkə arasında münasibətlərin qurulması ilə bu sərhəd açılacaq. O zaman Türkiyə Azərbaycan, Xəzər dənizi və Orta Asiya ilə əlaqə saxlamasında Naxçıvana belə ehtiyac duymayacaq.

Beşincisi, mövcud vəziyyət yeni bir şey deyil. Qeyri-real, qeyri-praqmatik və səriştəsiz xarici siyasət üzündən və beynəlxalq sistemin mahiyyəti nəzərə alınmadan enerji ixracı və tranziti, nəqliyyat və kommunikasiya oxları da daxil olmaqla bir çox imkanlar itirilib, ölkəyə, xalqa, gələcək nəsillərə trilyonlarla dollar əvəzsiz itkilər dəyib. 

İranın geosiyasi və geoiqtisadi mövqeyi tələb edirdi ki, bu gün bu ölkə öz qazını ixrac etməklə, eləcə də Türkmənistan və Azərbaycan qazını Avropaya və yaxın xarici ölkələrə tranzit etməklə regionun enerji mərkəzinə, Şimal-Cənub və TRASEKA dəhlizlərinin oxuna çevrilsin və maddi mənfəətlə yanaşı, milli təhlükəsizlik baxımından da vacib element hesab olunsun. 

Demək istəyirəm ki, biz, bir neçə nəfər, hətta mənim kimi kiçik və savadsız bir yazıçı da daxil olmaqla, 30 il bundan əvvəl İslam Respublikası sistemi daxilində də geosiyasi təhlükələr barədə həyəcan təbili çalmışıq. Amma  qərar qəbul edənlər sırasında qulağı eşidən və gözü görən bir nəfər tapılmadı. Zəngəzur zənginin sədalarını 20 ildən çox əvvəl belə eşitmədiniz və yaranmış imkanları hədə-qorxuya çevirdiniz. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri Zəngəzur zəngini səsləndirdir. Müqavilələr bağlanmazdan və icra fəaliyyətinə başlamazdan əvvəl xəbərdarlıq etdik, amma bizdən yaxşıları, yəni fürsətçilər hərəkətə keçdilər. O vaxt əsl ekspertlərin səsi eşidilsəydi və tədbir görülsəydi, bu gün üç qonşu və müsəlman ölkəsi olan İran, Azərbaycan və Türkiyə bir-biri ilə müttəfiq olardı və İran qeyri-müsəlman Rusiya və Ermənistanla gələcəyi olmayan sarsıntılı ittifaq yaratmaq üçün heç bir səy göstərməzdi. 

Altıncısı, təbii ki, yazı müəllifi yalnız öz payına realizmi, praqmatizmi, şəffaflığı, aldatmamaq və yalan danışmamaq prinsipinə əməl edərək, ölkənin milli maraqlarına uyğun olaraq millətin sahibsiz xəzinəsindən hədsiz xərclər etməkdən çəkindirir.

Milli maraqları təmin etməyin ən yaxşı yolu gərginlikdən qaçmaq və rasionallığa, realizmə və praqmatizmə əsaslanan dinamik diplomatiya tətbiq etməkdir və indiki yolu davam etdirmək ağılsızlıq və yanlışlıq olacaqdır”.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər