Saytımızı qiymətləndirin


 
 

Panik atak, depressiya… - Pandemiya həyatımızda nəyi dəyişdi
Tarix: 09-03-2023 | Saat: 16:20
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Panik atak, depressiya… - Pandemiya həyatımızda nəyi dəyişdi

 

2019-cu ildə ilk dəfə Çində ortaya çıxan yeni növ koronavirus (COVID-19) 2020-ci ilin əvvəlindən dünyanı öz ağuşuna almağa başladı. Qısa müddətdə dünyanın əksər ölkələrinə yayılan virus dövlətləri qapanmaya məcbur etdi. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycanda da tətbiq edilən karantin rejimi indiyədək qüvvədədir. 

 

Bəs pandemiyanın həyatımıza nə kimi təsirləri oldu?

 

Bəzi ekspetlər bildirir ki, koronavirus və tətbiq edilən karantin rejimi fərdlər üzərində qorxu, narahatlıq və panikanın artmasına səbəb olub. 

 

Bununla belə, pandemiyanın müsbət tərəfləri də olub.

 

Milli Məclisin deputatı Müşfiq Məmmədli Qarabaqinfo.az-a bildirib ki, pandemiya müddətində yaranan riskli hallar bizə həyatın dəyərini anlamağa kömək edib:

 

 

“Pandemiya adi vaxtlarda bizim üçün rutin olan şeylərin (sərbəst gəzməyin, insanların bir-biri ilə münasibətdə olmasının, qonaq getməyin, tədbirlərdə iştirak etməyin) əslində nə qədər önəmli olduğunu bir daha xatırlatdı. Biz bunlara sadə işlər kimi baxırdıq. Lakin pandemiya müddətində müxtəlif qadağaların olması insanların öz sağlamlığını qoruması üçün bəzən adicə əllə salamlaşmasının belə riskli olduğu zamanlar bizə həyatın dəyərini yenidən kəşf etməyə stimul verdi. Bu proses zamanı həyatını itirən, xəstələnən, xəstəlikdən sonra sağlığında problem yaranan insanların olması sağlamlığımıza önəm yetirməyin nə qədər vacib olduğunu anlamağımıza kömək etdi. Dövlətin möhkəmliyi, kritik hallarda çevik reaksiyalar, cənab Prezidentin vaxtında və strateji addımlar atması sosial dövlət modelinə uyğun şəkildə səhiyyə sistemimizin, digər sistemlərin bu prosesə uyğunlaşdırılması dövlət səhiyyə sisteminin nə qədər önəmli olduğunu bir daha göstərdi. Daha doğrusu sosial dövlət modelinə uyğun şəkildə cəmiyyət və dövlətin bir biri ilə sıx əlaqədə olub beləliklə proseslərin idarə edilməsi özünü doğrultdu”.  

 

 

Həkim-infeksionist Vasif Əliyev isə Modern.az-a açıqlamasında deyib ki, pandemiyanın təsirlərini iki cəhətdən qiymətləndirmək olar:

 

“Pandemiyanın həyatımızda buraxdığı izləri pozitiv və neqativ şəkildə dəyərləndirə bilərik. Məsələnin neqativ yanı budur ki, pandemiya dönəmində bir çox yaxınlarımızı itirdik. Pozitiv yanı isə insanların artıq bu cür xəstəliklərə ciddi yanaşmağa başlaması oldu. Bundan əlavə, insanlarda qapalı məkanlarda təmasdan uzaq durmaq, xəstələndiyimiz zaman maska taxmaq, eyni zamanda əl yumaq qaydaları kimi vərdişlər formalaşdı. Eyni zamanda bu cür xəstəliyin qısa zamanda ağırlaşma ehtimalını hər kəs əyani olaraq gördü və belə hallarda mütləq həkim nəzarətində qalmağın nə qədər vacib olduğunu anladı. Çünki, kortəbii şəkildə evdə yaxın ətrafdakı insanların tövsiyəsi ilə aparılmış müalicə nəticəsində xəstələrin vəziyyətinin ağırlaşaraq xəstəxanaya gətirildiyini gördük. Bu baxımdan mən pozitiv nəticələr olaraq bunları deyə bilərəm və bu cür xəstəliklərin  profilaktikasında peyvəndin nə qədər vacib olduğunu anlamış olduq. Bu, sadəcə COVID-19 üçün deyil, eyni zamanda son dönəmlərdə yayılan qrip virusuna da aiddir”.

 

 

Məsələnin psixoloji aspektlərini şərh edən psixoloq Günel Bayramova deyib ki, zaman keçdikcə təsiri zəifləyən pandemiya hər bir insanın gündəlik həyatında iz buraxıb.

 

Onun sözlərinə görə, təcrid dövrü cəmiyyətdə reallığın qavranılmasının pozulmasına gətirib çıxarıb: "Fəaliyyət sahəsindən, sosial-iqtisadi vəziyyətindən asılı olaraq insanlar pandemiyadan müxtəlif şəkildə təsirləndilər. Uşaqlar və yeniyetmələr böyüklərə nisbətən daha ağır və uzunmüddətli mənfi təsirlərlə üzləşdi. Distant təhsilin olması onlarda internet və sosial şəbəkələrdən daha çox istifadə edərək, fiziki aktivliyin və sosial ünsiyyət bacarıqlarının itirilməsinə gətirib çıxarır. Pandemiya nə qədər uzansa, təəssüf ki, onun nəticələri də bir o qədər ağır olacaq”.

 

Psixoloq pandemiya zamanı yaranan qeyri-müəyyənliyin fəsadlarından da danışıb:

 

“Psixoloji baxımdan problemlərin əsas səbəbi pandemiya zamanı qeyri-müəyyənlik və onunla bağlı məhdudiyyətlərdir. Qeyri-müəyyənliyin kəskin artması insanlar üçün stressə səbəb oldu və onun yüksək dərəcəsi artıq klinik sindroma keçə bilər. Panik atak, depressiya, narahatlıq, psixosomatik simptomlar, intihar riskinin kütləvi artması davam edən məhdudiyyətlərin psixoloji nəticələridir. Pandemiyanın və karantinin hər kəsdə mənfi iz qoyduğunu da demək olmaz. Bu, xarakter xüsusiyyətlər, psixi pozğunluqların olması, resurslar, maliyyə ehtiyatları, sosial dəstək və digər amillərdən asılıdır.

 

Məsələn, müəyyən bir insanda təşviş pozğunluğu izlənərsə, təcrid vəziyyətində onların kəskinləşmə riski artır. Risk qrupuna aid olmayanlar isə məsələn, əvvəllər evdən işləyən introvert proqramçı pandemiya ilə əlaqədar həyat tərzindən və psixi vəziyyətindən yaranan əhəmiyyətli dəyişiklikləri hiss etmirlər”. modern.az



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər
25-06-2024, 13:23 Sabahın havası