Saytımızı qiymətləndirin


 
 

“Dərmanlar bahadır, təxirəsalınmaz tədbirlər görülməlidir” –OMBUDSMAN
Tarix: 03-03-2023 | Saat: 17:18
Bölmə:Karusel / Sosial | çapa göndər

Ombudsman Səhiyyə Nazirliyinə Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın genişləndirilməsini tövsiyə edib.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Sənəddə bildirilib ki, dispanser qeydiyyatına alınan və dövlət hesabına dərman preparatları ilə təmin edilmək hüququna malik olan vətəndaşları narahat edən, qeyd olunan problemlər sırasında diqqəti daha çox cəlb edən xəstələrin bir sıra hallarda dövlət hesabına təyin olunmuş dərman preparatları ilə vaxtında təmin edilməməsi, habelə müvafiq xəstəliyin müalicəsi üzrə dərman preparatlarının növlərinin və ya əvəzedicilərinin az olması və ya olmamasıdır.

İmtiyazlı qruplardan olan və dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin sağlamlığının qorunması hüququnun daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndinə əsasən, təsdiq edilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılmış “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nın genişləndirilməsi məqsədəmüvafiqdir.

Qeyd olunub ki, əhalinin müayinə və müalicəsi üzrə tədbirlərin əsas etibarilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrində təşkil edilməsinə baxmayaraq, bəzi dövlət proqramları çərçivəsində dərman preparatları ilə təmin etmə məsələləri bu sahədə icra tədbirlərini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyinə həvalə edilmişdir ki, bu da imtiyazlı qruplardan olan şəxslərin bəzi çətinliklərlə üzləşməsinə səbəb olur.

Ehtiyacı olan şəxslərin, xüsusilə aztəminatlı vətəndaşların ambulator şəraitdə həyata keçirilən müalicə prosesində tibbi göstəriş əsasında tələb olunan dərman vasitələrinə əlçatanlığında ciddi problem var ki, bu da həmin dərman vasitələrinin əksər hissəsinin qiymətinin baha olması ilə əlaqədardır. Nəticə etibarilə, aztəminatlı şəxslər müəyyən əsaslı çətinliklərlə üzləşməli olurlar, tələb edilən dərman vasitələrini əldə etmək mümkün olmadıqda ağırlaşmaqda olan xəstəlik sağlamlığın və əmək qabiliyyətinin getdikcə itirilməsi ilə nəticələnir, həmin vasitələri əldə etmək məcburiyyətində qaldıqda isə borclanırlar. Bu baxımdan, əhalinin bütün təbəqələri üçün dərman vasitələrinə əlçatanlığın təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədəmüvafiqdir.

Sənəddə o da bildirilib ki, dərman vasitələrinin keyfiyyəti də narahatlıq yaradan problemlərdəndir. Eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə də ciddi yanaşma tələb edir. Bu baxımdan, ölkəyə idxal edilən və əhali tərəfindən istifadəsinə icazə verilən dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir.



Xəbəri paylaş

1128 dəfə oxunub.

Digər xəbərlər