Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı təsdiq edilib.
Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə uyğun olaraq bu Qərarla təsdiq edilmiş “Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin Siyahısı”nın 3-cü və 8-ci hissələrində qeyd edilən məhdudiyyət və xüsusi tələblər müvafiq nəzarət orqanları vasitəsilə, digər hissələrdə qeyd edilən məhdudiyyət və xüsusi tələblər isə birbaşa olmaqla Maliyyə Monitorinqi Xidməti tərəfindən tətbiq edilir.
Qərara əsasən, Maliyyə Monitorinqi Xidməti ölkə və sahəvi risk qiymətləndirmələrinin nəticələrinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı adekvat mübarizə sistemlərinə malik olmayan ölkələr barəsində maliyyə institutlarının məlumatlandırılmasını təmin etməlidir.