İran rejimi hər hansı problemlə rastlaşanda diqqəti başqa istiqamətə yönləndirmək və xaricə mesaj ötürmək üçün həmişə səfirliyə hücum kimi variantlara çox əl atıb. Lakin Vasifin (Tağıyev) qəhrəmanlığı çirkin terror planını puç etdi.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Güney azərbaycanlı yazar və siyasi fəal Əlirza Abdullahi bildirib.
O, İran rejiminin ssenarisinə əsasən, terrorçunun səfirliyə girib, səfir başda olmaqla, onun ailə üzvlərini və digər diplomatları öldürməli olduğunu açıqlayıb:
“İran beş aydır başlayan etirazlardan sonra kütləni daxili problemlərdən yayındırmaq və camaatın fikrini başqa istiqamətə yönəltmək istəyirdi. SEPAH-ın terrorçu kimi tanınması qorxusu da nəzərdən qaçmamalıdır. SEPAH İranda dövlət içində dövlət deməkdir. Hakimiyyət nümayəndələri, Məclisdə olan millət vəkillərinin çoxu SEPAH kökənlidir. Yəni SEPAH terrorçu kimi siyahıya salınarsa, İranın durumu daha da pisləşə bilər. Odur ki, hakimiyyət baş verənlərlə bağlı daxildə bir söz deməyə məcbur idi. Lakin deyiləcək sözü olmadığından, sadəcə, fikirləri yayındırmaq, gündəmi dəyişdirməyə çalışdı”.
Milli fəal İranın Azərbaycanla bağlı düşüncələrinə də toxunub:
“İranın Azərbaycan Respublikasına baxışı hər zaman işğalçı olub. Azərbaycanı “İrani şumali”,”Cümhuri Baku” adlandırmaqdan çəkinmirlər. Qəhrəman Ordumuzun 44 günlük savaşda qələbəsindən sonra İran-Ermənistan işbirliyinin çökməsi və geopolitikanın dəyişməsi, Zəngəzur dəhlizinin gündəmə gəlməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması, Turan Birliyi, İlham Əliyevin Güney Azərbaycana verdiyi dəstək mesajları və ona sahib çıxmasına qarşı İran nəsə etmək istəyirdi. Zəngəzur dəhlizini və sərhədlərin dəyişməsini “qırmızı xətt” adlandırmaqdan savayı heç nə edə bilmədi. Azərbaycanı qorxutmaq üçün hərbi təlim keçirmək bəhanəsi ilə ordusunu Araz sahilinə gətirdi. Amma Azərbaycan dövləti və ordusu çəkinmədi. Cavab olaraq, sərhəddə Türkiyə ilə birgə təlim keçirdi. Buna görə Azərbaycana gözdağı vermək məqsədi ilə Tehrandakı səfirliyimizə hücum planı ortaya atıldı, lakin qəhrəman övladlarımız bu çirkin əməli pozdu, bir şəhid verib daha böyük faciənin qarşısı alındı”.
Əlirza Abdullahi İranın terror aktları tarixçəsini də diqqətə çatdırıb:
“İranda 1979-cu ildə inqilabçılar Amerika səfirliyini ələ keçirib, diplomatları 444 gün girov saxlayıb. 1981-ci ildə baş verən partlayış nəticəsində İslam partiyasının tanınmış şəxsləri və 70-dən çox üzvü həlak olub. Sızan məlumatlardan bəlli olur ki, bu, hakimiyyət davasında rəqiblər arasında mübarizə idi. Hadisədə İranın keçmiş Məclis başçısı Rəfsəncanin əli olduğu deyilirdi. O, Xomeyni öldükdən sonra ölkədə ən nüfuzlu şəxs olaraq, Xameneini işlərin başına gətirir. Onu öz əlaltısı kimi hakimiyyətdə mövqe sahibi edir. Xamenei gücləndikdən sonra Rəfsəncani hovuzda üzərkən şübhəli şəkildə öldürülür. Həmin sistem, həmin hakimiyyətdir. 1994-cü ildə İranın Xorasan əyalətinin Məşhəd şəhərində İmam Rzanın məzarı yaxınlığında bir bomba partladılır və 26 nəfər ölür, 300 nəfər yaralanır. Bu da bir hakimiyyət davası idi və hadisələri yayındırmaq üçün törədilmişdi. Belə nümunələrin sayı çoxdur”, - deyə o bildirib.