Saytımızı qiymətləndirin


 
 

International Policy Digest: Ermənilər Laçın yolu ətrafında yaranmış fürsətdən diqqət yayındırmaq məqsədilə istifadə edirlər
Tarix: 21-01-2023 | Saat: 14:28
Bölmə:Karusel / Qarabağ | çapa göndər

International Policy Digest: Ermənilər Laçın yolu ətrafında yaranmış fürsətdən diqqət yayındırmaq məqsədilə istifadə edirlər

“International Policy Digest” nəşrində azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolu üzərində keçirdiyi etiraz aksiyası, eləcə də Azərbaycan dövlətinin Qarabağdakı qanunsuz mədən fəaliyyətlərindən qaynaqlanan ekoloji narahatlıqlarına dair geniş məqalə dərc edilib.

Qarabaginfo.az xəbər verir ki, Baltimor Universitetinin İctimai və Beynəlxalq Məsələlər Məktəbinin icraçı direktoru, professor İvan Saşa Şihanın müəllifi olduğu yazıda erməni və azərbaycanlı ekofəalların mədən sənayesinin zərərlərinə qarşı keçirdikləri aksiyalarına Qərbdə qərəzli münasibət göstərildiyi qeyd edilib.

Müəllifin sözlərinə görə, bir müddət əvvəl Ermənistanın Cermuk rayonundakı Amulsar mədəninin fəaliyyətinə qarşı erməni aktivistlərin aksiyası Qərbdə geniş dəstək alıb, lakin eyni səbəblərə etiraz edən azərbaycanlı ekofəalların aksiyasına şübhə çəkilməsinə çalışılır.

Qeyd olunub ki, Sovet dövründən bəri sağlamlıq turizmi mərkəzi kimi fəaliyyət göstərən Cermuk şəhəri son dövrlərdə ekoloji mübarizə mərkəzinə çevrilib. Erməni ekofəallar burada lokal ətraf-mühiti zəhərləyən və təbiətin gözəlliyinə dağıdıcı zərbə vuran beynəlxalq mədən konqlomeratına qarşı mübarizə aparırlar:

“Onların qəzəbinin səbəbi Cermukdan bir neçə mil məsafədə yerləşən Amulsar qızıl mədənidir. Qərargahı ABŞ-da olan “Lydian International”ın Ermənistandakı törəməsi tərəfindən istismar edilən mədən etirazçıların iddiasına görə yaxınlıqdakı göllərə və çaylara təhlükə törədir, mədən sənayesində istifadə edilən sianid prosesləri ilə çirklənmə riski yaradır.

Yolun bloklanması və Amulsarda istehsalın dayandırılması ilə bağlı mübarizə Qərbdəki mütərəqqi ictimai rəy formalaşdıranların böyük dəstəyini gördü. Lakin Azərbaycanda qızıl hasilatının törətdiyi dağıntılara etirazlar başlayanda onlar açıq-aşkar şübhə ilə qarşılandılar. Bu, ötən il azərbaycanlıların Qarabağ regionuna aparan və onu qonşu Ermənistanla əlaqələndirən dağ yolunu - Laçın dəhlizində aksiya keçirən zaman baş verdi”.

Müəllif qeyd edib ki, beynəlxalq hüquqa əsasən, Azərbaycanın suveren əraziləri kimi tanınmış bu bölgə uzun müddət etnik ermənilərin işğalı altında qalıb: “Beynəlxalq hüquqa əsasən Azərbaycanın suveren ərazisi kimi tanınan Qarabağ 1994-cü ildən 2020-ci ilədək etnik ermənilərin uzunmüddətli işğalı altında qaldı və Bakı iki il öncə qısamüddətli müharibə zamanı onu geri aldı".

Qeyd olunub ki, dekabrdan bəri ərazidə çadırlar quran etirazçılar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının dayandırılmasını və ekoloji monitorinq qrupunun fəaliyyəti üçün imkan yaradılmasını tələb edirlər.

Məqalədə göstərilib ki, Moskvanın göstərişi ilə Qarabağa yollanmış erməni oliqarx Ruben Vardanyan sözügedən mədənlərin qanunsuz istismarının bərpa etməkdə və oğurlanmış təbii sərvətlərin Laçın dəhlizi vasitəsilə Ermənistana daşımaqda ittiham edilir:

“Noyabrdan bəri Qarabağdakı erməni siyasi liderliyinə yeni “dövlət naziri” (effektiv baş nazir) – Kremllə əlaqəli, rusiyalı erməni oliqarx Ruben Vardanyan rəhbərlik edir. O, regiondakı qanunsuz qızıl mədənlərinin yenidən açılmasında və onun oğurlanmış məhsullarının ermənilərin nəzarətindəki Qarabağ regionundan Laçın dəhlizi vasitəsilə ixracında ittiham edilir. Aksiya keçirən aktivistlər bildirirlər ki, onlar həm Vardanyanın qanunən Azərbaycana məxsus təbii sərvətləri yağmalamasına, həm də mədən əməliyyatlarının səbəb olduğu ekoloji zərərə etiraz edirlər. Cavabında isə Qarabağdakı erməni “rəsmilər” bu epizodu özlərinin blokada qurbanı olduğu informasiya müharibəsinə çevirirlər. Əsas “nazir”lərdən biri Artak Beqlaryan vəziyyəti “insan haqlarının kobud pozulması” kimi təsvir etdi. Beynəlxalq media qida çatışmazlığı və tibbi vasitələrin çatışmazlığı hekayələri ilə doldurulub".

Müəllif qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin paylaşdığı video bütün bu iddiaların yanlış olduğunu, etirazçıların Laçın dəhlizini bloklaması ilə bağlı məlumatların saxta xəbər olduğunu üzə çıxarıb. Belə ki, həmin videoda Beynəlxalq Qızıl Xaç Komitəsinin və ermənilərin təcili yardım maşınlarının etirazçıların düşərgəsinin içi ilə hərəkət etdiyi görünür.

Müəllif vurğulayıb ki, Beqlaryanın ittihamları ABŞ mediasına müsahibə verən Vardanyan tərəfindən də təkzib edilib:

“The American Conservative”ə müsahibəsində o, Qarabağdakı erməni liderliyinin bir neçə il üçün planlaşdırılan resursları olduğunu bəyan edərək öz “nazir”i ilə ziddiyyət təşkil edib: “Unutmayın ki, Qarabağ zəngin bölgədir. Bizim yaxşı ətimiz və taxılımız var. Beləliklə burada əsas ərzaq var və aclıq başlamayıb”.

Müəllif qeyd edib ki, yolun tibbi məqsədlər üçün bloklanması ilə bağlı Vardanyan və Beqlaryanın bəyanatları ziddiyyət təşkil edir. O, bu ziddiyyətləri həm də Qarabağdakı erməni liderliyinin daxili siyasi çəkişmələri ilə əlaqələndirir. Belə ki, Vardanyan Beqlaryanı “dövlət naziri” vəzifəsində əvəz edib və bu vəzifənin itirilməsindən sonra Beqlaryan aşağı posta keçirilib:

“Hadisələrə dair bir çox tərəflərin təqdim etdiyi fərqli versiyalar yerdə nə baş verdiyinə tam əmin olmağı çətinləşdirir. Lakin aydın görünən budur ki, Vardanyan və Qarabağakı erməni rəhbərliyinin digər üzvləri bəzi ziddiyyətli mesajlarla da olsa, bu fürsətdən istifadə edərək, diqqəti son vaxtlar apardıqları digər mübahisəli fəaliyyətlərindən yayındırırlar”.

Müəllifin fikrincə, bu, Laçın dəhlizindən minalar da daxil olmaqla hərbi vasitələrin Azərbaycan ərazisinə, Qarabağa göndərilməsi üçün istifadə edilməsidir.

“Vardanyanın mübahisəli liderliyinin növbəti qarşıdurma dalğalarına səbəb ola biləcəyinə dair ciddi narahatlıqlar var, onun başqa bir müsahibəsində bildirdiyi kimi, “indi yeganə seçim döyüşməkdir”.

Məqalədə qeyd olunub ki, 1990-cı illərin əvvəllərində erməni separatçılar Bakıdakı milli hökumətdən ayrılmaq məqsədilə müharibə aparıblar:

“İrəvanın dəstəyi ilə 1994 və 2020-ci illər arasında Qarabağın böyük bir hissəsinə muxtar dövlətcik kimi nəzarət etmələrinə baxmayaraq, onlar heç vaxt Ermənistan da daxil olmaqla heç bir BMT üzvü tərəfindən tanınmadılar”.

Məqalədə qeyd edilib ki, Avropa İttifaqının (Aİ) mantadı ilə Praqada aparılmış danışıqlar zamanı sülh quruculuğu istiqamətində bir sıra razılıqlar əldə edilib. Lakin bu vaxt erməni oliqarx Vardanyan heç bir xəbərdarlıqsız Rusiya vətəndaşlığından imtina edərək Qarabağa yerləşib və “dövlət naziri” postunu tutub:

“Bu addımın Aİ-nin idarə etdiyi sülh prosesini pozmaq vasitəsi kimi Kreml tərəfindən təşkil edildiyi geniş şübhə doğurur”, - deyə müəllif qeyd edib.

Vurğulanıb ki, Azərbaycan dövləti Ermənistanın Qarabağda qanunsuz fəaliyyət göstərən mədən şirkətlərinin dağıdıcı təsirləri ilə bağlı narahatlıqlarını daha əvvəl də bildirib.

“Minerallar və metallar Ermənistanın ümumi ixracının təxminən yarısını təşkil edir və ölkənin böyük mədən sənayesinin uzun və yaxşı hesabatlaşdırılmış korrupsiya tarixi var. Vardanyanın gəlişindən sonra orada ciddi siyasi və təhlükəsizlik təhdidləri var idi. Lakin onun ətraf mühitə təsirindən qorxmaq üçün də əsl səbəblər var”, - deyə müəllif qeyd edib.(Apa)



Xəbəri paylaş

1165 dəfə oxunub.

Digər xəbərlər