"Həmişə pensiya və əmək haqqı artırılanda, ondan qabaq bazarda qiymətlər qalxmağa başlayır".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, elə qiymət artımları var ki, o daxildən asılı deyil:
"Belə ki, həmin məhsullar xaricdən idxal edilir. Bu zaman qiymət artımı olur. Amma daxildə də süni qiymət artımı problemi var. Bununla bağlı antiinflyasiya tədbirləri imzalanıb. Nəzarət işləri genişləndirilməlidir. Çalışmaq lazımdır ki, süni qiymət artımı olmasın. Süni qiymət artımının qarşısını ala bilsək, bu qiymətlərə müəyyən qədər təsir edəcək. Neçə ildir çalışırıq ki, Rəqabət Məcəlləsi qəbul olunsun, haqsız rəqabət olmasın. Sahibkarlar üçün eyni vəziyyət yaransın, bazarda azad rəqabət olsun.
Məcəllənin qəbul olunması qiymətə 30-40 faiz təsir edəcək, müəyyən qədər inhisarçılığın qarşısı alınacaq. Bir də bu məsələ Rusiya-Ukrayna müharibəsindən asılıdır. Hər iki ölkə ilə iqtisadi əlaqələrimiz var. Ümumiyyətlə, dünyanın hər yerində qiymət artmı və ərzaq qıtlığı var. Bununla bağlı dövlət tərəfindən addımlar atılır".