Saytımızı qiymətləndirin


 
 

"Cümhuriyyət xadimləri"rubrikası... Əkbər ağa Şeyxülislamovu tanıyaq...
Tarix: 27-12-2022 | Saat: 13:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Cümhuriyyət dövrünün ziyalılarından olan siyasi vә ictimai xadimi Әkbәr ağa İbrahim oğlu Şeyxülislamov 1891-ci ildә İrəvan şəhərində anadan olub. Orta tәhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra, 1912-ci ildә Peterburq Yol Mühәndisliyi İnstitutuna daxil olmuş, 1917-ci ildә Rusiyada fevral inqilabından sonra ali təhsilli mütəxəssis kimi vәtәnә qayıdıb.

 

1918-ci ilin fevralında Әkbər ağa Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, hәmin il fevralın 28-dә Seym tәrәfindәn tәsdiq olunmuş Müsәlman fraksiyasının tәrkibindәki Hümmәt partiyasına daxil olub. Şeyxülislamov Zaqafqaziya Seymi tәrәfindәn Türkiyә hökumәti ilә sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-dә yaradılmış nümayәndә heyәtinin tәrkibində iştirak edib. O, hәmçinin Zaqafqaziya hökumәtindә daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biridir. O, Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini icra edib. Ә.Şeyxülislamov 1918-ci il dekabrın 7-dә Bakıda açılmış Azәrbaycan parlamentinә üzv seçilib. O, parlamentdә sosialist fraksiyasının tərkibinə daxil edilib. Әkbər ağa Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləyib.

O, görkəmli siyasi vә ictimai xadim Әlimәrdan bәy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Respublikası nümayәndә heyətinin tәrkibindә 1919-cu ildә açılaçaq Versal sülh konfransında iştirak etmәk üçün Parisә yola düşmüş və 1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada qalıb. Әkbәr ağa Şeyxülislamov 20-ci illәrdә Azәrbaycandan II İnternasionalın üzvü olub. Onun İkinci Dünya müharibәsinә qәdәr Parisdә rusca nәşr olunan “Azәrbaycan” jurnalının 2-ci sayında dərc edilmiş “Azәrbaycan necә quruldu” adlı mәqalәsi bu gün də öz aktuallığını saxlayır. Әkbәr ağa Şeyxülislamov 1961-ci il martın 2-dә vәfat etmiş vә Parisin yaxınlığındakı müsәlman qәbiristanlığında dәfn edilib. Ruhu şad olsun...



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər