"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın. Bilin ki, Qarabağ Azərbaycandır!"
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov deyib.
Z.Əsgərov əlavə edib ki, Fransa bu günə qədər 5 respublika qurub, amma içini düzəldə bilməyib: “Yenə düşmənçilik, islamafobiya, türkofobiya, antisemitizm. Niyə qoymursunuz, Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etsin? Nədir məqsədiniz? Bir öz tarixinizə baxın. Azərbaycanı tarixi abidəri dağıtmaqda günahlandırırlar. Hamısı böhtan, yalandır. Vyetnamdan tutmuş Afrikaya qədər 50 ölkəni işğal ediblər. Fransa rəsmi olaraq Afrikanın 14 ölkəsindən öz dövlət büdcəsinə vergi vermələrini məcbur edir. Budur ədalət?"
Spiker Sahibə Qafarova isə qeyd edib ki, azərbaycanlılar heç bir tarixi abidəni dağıtmayıb.
Komitə sədri qeyd edib ki, Fransa hər zaman ikiüzlülük edib: "Qətnamənin mətnini oxuyanda müşahidə etdim ki, mətn kopyalanmadır. 30 il ərzində ermənilər işğal etdikləri ərazilərdə daş üstündə daş qoymayıblar. Təhlükəsizlik məsələsindən danışırlar. 30 ildə 1 milyon qaçqınımız və köçkünümüz oldu. Niyə onların hüquqları ilə bağlı səs qaldırmadılar? Budur sizin demokratiya?!”