Saytımızı qiymətləndirin


 
 

Ucuz taksi erasına son: Qiymətlər bahalaşacaq?
Tarix: 20-11-2022 | Saat: 12:13
Bölmə:Karusel / Manşet | çapa göndər

Ucuz taksi erasına son: Qiymətlər bahalaşacaq?

Avtomobil nəqliyyatı sahəsində də son dövrlər qeyri-formal məşğulluğun qarşısının alınmasına dair nəzarət tədbirləri həyata keçirilir.

Bunu Dövlət Vergi Xidmətinin İdarə rəisi Nigar Vahabzadə bildirib.

Xidmətin rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilməlidir. 

Nigar Vahabzadə nümunələr də təqdim edib.

Vergi ödəyicisi Bakı şəhərində fərdi qaydada taksi fəaliyyəti ilə məşğuldur. Bu halda vergi ödəyicisinin aylıq ödəməli olduğu vergi, məcburi dövlət sosial sığorta haqqı (MDSS haqqı) və icbari tibbi sığorta haqqı (İTS haqqı) müvafiq əmsallar nəzərə alınmaqla aşağıdakı kimi hesablanmalıdır:

Vergi məbləği: 9x2=18 manat

MDSS haqqı: (300x6%)x2=36 manat

İTS haqqı: 300x4%=12 manat.

Maraqlıdır, bununla taksilərdə qiymət artımı olacaqmı?

Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov Cenhe.info-ya açıqlamasında bildirib ki, şirkətlər üçün olmasa da, vətəndaş üçün bu özünü göstərə bilər:

"Dünyada nəqliyyatının aparıcı vasitələrindən biri və sərnişindaşınmada xüsusi paya malik olan taksi fəaliyyəti ilə bağlı müxtəlif yanaşmalar, tənzimləmələr mövcuddur. Azərbaycan ərazisində də son 4-5 ilə baxsaq, dövlət tərəfindən müxtəlif güzəştlər tətbiq edildiyini görərik.

Bu güzəştlər nəticəsində “ulduz taksiləri” kimi tanınan taksi erası başladı. Bu da gözəl nəticə idi. Burada rəqabət şirkətlərlə vətandaşlar arasında gedirdi. Çünki şirkətlər daha ekonom və az məsrəflərə sahib olan maşınların istismarını həyata keçirməyə başlamışdı. Nəticədə qiymətlər endi və bu da vətəndaşlara sərf etdi. Lakin şirkətlərlə müqaviləsi olmayan, taksi fəaliyyətiylə məşğul olan vətəndaşlar üçün durum çətinləşdi. Çünki onun nəqliyyat vasitəsi bu tələblərə cavab vermədi. Aşağı qiymətə gedə bilmir, getsə belə, xərclərini ödəyə bilmədi.

Son zamanlar isə müxtəlif variantlar işlənib hazırlanmağa başlanıb. Ekonom tələbləri ödəməyən, iqtisadi cəhətdən səmərəsiz olan, ili köhnə və yaxud istismara yararsız avtomobillər tədricən taksilər üçün dövriyyədən çıxıb. Aylıq 66 manatı ödəmədən Bakıda taksi fəaliyyəti ilə məşğul olanların qarşısının alınması fikrini də müsbət qarşılayıram. 

Hər halda müəyyən qədər rüsum ödənməlidir. Amma rüsumun məbləği hər kəs üçün əlçatan olmalıdır. Digər məqam isə vətəndaşlara bunun ödəmə prinsiplərinin necə həyata keçirilməsi maraqlı olacaq. 

Bu prosesin şəffaflaşması üçün zaman tələb olunacaq. Rüsumdan sonra taksi şirkətlərində artım gözlənilmir. Olsa da, cüzi şəkildə özünü göstərə bilər. Lakin taksi şirkətlərində çlışmayan və öz fəaliyyəti ilə məşğul olan taksi sürücüləri üçün qiymət artımı özünü göstərə bilər".



Xəbəri paylaş

1104 dəfə oxunub.

Digər xəbərlər