“Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü türk dünyasının birliyinin gücləndirilməsi baxımından önəmli hadisədir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Onun sözlərinə görə, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq TDT böyük inkişaf yolu keçib:
“Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Artıq TDT beynəlxalq təşkilat kimi tam formalaşıb. Təbii ki, burada bütün üzv dövlətlərin səmərəli fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu baxımdan, Azərbaycanın təşkilata və ümumən, türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsinə verdiyi töhfələr əsl nümunədir.
Belə ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların da beynəlxalq layihələrə cəlb olunmasına diqqət yetirməsi təşkilatın fəaliyyətinə mühüm təsir göstərir. Məsələn, respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmiryolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastrukturdur. Artıq türk dövlətləri də bu yoldan istifadə edirlər. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri də türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə neft-qaz boru kəmərlərinin keçdiyi əsas tranzit ölkədir. Bütün bunlar Azərbaycanın türk dünyasına böyük ərməğanıdır.
Onun sözlərinə görə, Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib. Ümumiyyətlə, türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylər artırılıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir”.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və qələbəmizdə bu amil mühüm rol oynadı:
“Ümumiyyətlə, TDT ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək olub. Vətən müharibəsinin ilk günlərində təşkilatın yaydığı bəyanatda münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd edildi. Təşkilat müharibənin əvvəlindən sonunadək Azərbaycanın yanında oldu. Bütün bunlar göstərdi ki, Azərbaycanın şanlı Qələbəsi bütün türk dünyasının Zəfəridir. Azərbaycanın və Türkiyənin bir-birinə dəstəyi digər türk ölkələrinə bir mesaj oldu. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxışı zamanı türk birliyinin vacibliyini qeyd edərək, Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətini və Zəngəzur dəhlizinin türk dünyası üçün önəmini xüsusi vurğulayıb. Hazırda Türkiyə Qarabağın dirçəlişi prosesində fəal iştirak edir. Bundan başqa, Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaq. Bu da qardaşlıq nümunəsidir. Bu baxımdan, düşünürəm ki, türk dövlətləri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaqlar”.
“Zirvə Görüşündə Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlət başçısının dediyi kimi, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb.
Prezident haqlı olaraq bildirdi ki, gənc nəslin yaşadığı digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Beləliklə, türkdilli dövlətlərin birliyi üçün mükəmməl bir model yaradılıb ki, bu platforma qarşıdakı dövrlərdə daha da inkişaf edəcək. Türk dövlətləri bundan sonra da hər bir məsələdə yekdil mövqe bildirməli, bütün məsələlərdə bir-birilərini dəstəkləməlidirlər. Onların müstəqil dövlət kimi güclənmələri bütövlükdə türk dünyası birliyini gücləndirməlidir və inanırıq ki, belə də olacaq”, - deyə F.Yıldırım vurğulayıb.