Ermənistan prezidenti Vahan Xaçaturyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 27-ci Konfransı çərçivəsində Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati ilə görüşüb.
Qarabaginfo.az erməni mediasına istinadən xəbər verir ki, söhbət zamanı Vahan Xaçaturyan livanlı həmkarının diqqətini Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının bu yaxınlarda keçirilən 31-ci sammitində "Qarabağ münaqişəsi"ndə məscidlərin dağıdılması ilə bağlı çıxışına çəkib.
Ermənistan prezidenti Azərbaycan dövlət başçısının bəyanatlarının reallıqla heç bir əlaqəsi olmadığını söyləyib. Onun sözlərinə görə, Ermənistanın müsəlman dünyasında çoxlu dostları var və adı çəkilən dağıdılmış məscidlər Sovet İttifaqı dövrünə təsadüf edir.
Livanın baş naziri həmin sammitdə şəxsən iştirak etdiyini söyləyib. O, erməni həmkarına Ermənistanın ərəb ölkələri ilə münasibətləri daha da yaxşılaşdırmasını məsləhət görüb.