Saytımızı qiymətləndirin


 
 

Şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Dialoq Forumunda iştirak edib, Roma Papası ilə görüşüb
Tarix: 06-11-2022 | Saat: 16:57
Bölmə:Karusel / Manşet | çapa göndər

Şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Dialoq Forumunda iştirak edib, Roma Papası ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 2022-ci ilin 4 noyabr tarixində Manama şəhərində Əlahəzrət Bəhreyn Kralı Hamad bin İsa Əl Xəlifənin himayəsi ilə “Şərq və Qərb Bəşəri Birgəyaşayış Uğrunda” başlığı altında “Bəhreyn Dialoq Forumu” çərcivəsində həmin ölkənin Ali İslam Məsələləri Şurası, Dünya Müsəlman Ağsaqqallar Şurası və Roma Katolik Kilsəsinin birgə görüşündə iştirak edib.

QMİ-dən verilən xəbərə görə, Manamanın “Qəsr əs-Səxir Kral sarayı”nda əsas iştirakçı qismində Müsəlman dünyasının təmsilçiləri - Əl-Əzhərin Şeyxi, Dünya Müsəlman Ağsaqqallar Şurasının sədri Əhməd Əl-Tayyib, Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daxil olmaqla, Müsəlman Ağsaqqallar Şurasının üzvləri, Vatikan tərəfindən - Roma Papası Fransisk, Baş Nazir kardinal P.Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının sədri kardinal M.Ayuso, Dövlətlərlə əlaqələr katibi (Xarici işlər naziri) P. Qallaher, digər rəsmi şəxslər və nüfuzlu din, ictimaiyyət xadimləri iştirak ediblər.

 

Görüşdə məruzə ilə çıxış edən Əl-Əzhərin Şeyxi bəşəriyyətin iyirminci əsrin sonlarından bəri saysız-hesabsız böhranlarla üzləşdiyini vurğulayıb. O bildirib ki, dünya dinlərinin təlqin etdiyi əxlaqi dəyərlərin qorunmaması səbəbindən bəşəriyyət dünyada insan ləyaqətinə həqarətlərin, sülhə və əmin-amanlığa təhdidlərin şahidi olur. Bu dəyərlərə istinad olunmaması dünya iqtisadiyyatında və cəmiyyətlərdə böyük böhranlara səbəb olur. Əlavə edib ki, müasir dünyamızın böhranı əsasən mənəvi böhrandır.

Roma Papası Fransisk din adından çıxış edən radikal qruplaşmaların və onların fəaliyyəti nəticəsində yaranmış münaqişələrin qarşısının alınması üçün səy göstərən tanınmış müsəlman və xristian xadimlərinin birgə görüşünü yüksək qiymətləndirib. O, qeyd edib ki, Müsəlman Ağsaqqallar Şurasında təmsil olunan dünyanın nüfuzlu müsəlman dini liderləri dindən sui-istifadə hallarının aradan qaldırılmasında dünyada ədalət, tolerantlıq, hörmət və mötədillik dəyərlərinin, dayanıqlı sülh mədəniyyətinin yayılmasında mühüm rol oynayırlar.

Papa Fransisk, öz məruzəsində dinlərarası dialoq müstəvisində “keçmişdəki mübahisələri və qarşıdurmaları unutmağa və səmimi şəkildə qarşılıqlı anlaşmaya nail olmağa və bəşəriyyətin xeyrinə olacaq sülhü, azadlığı, sosial ədaləti və mənəvi dəyərləri qorumağa və təşviq etməyə” çağırıb. O deyib ki, getdikcə yaralanan və parçalanan, qloballaşma pərdəsi altında narahatlıq və qorxu hissləri yaşayan dünyada böyük dini ənənələr bəşəriyyətin fiziki və mənəvi sağlamlığı üçün onun ruhunu birləşdirən qəlb olmalıdır: "Bu, dini liderlər olaraq üzərimizə düşən vəzifədir və ən ali arzularımıza ümid və həyat verir”.

Müsəlman və xristian dini liderlərinin Bəhreyn görüşü 120-dən artıq yerli və xarici KİV tərəfindən 2019-cu ildə Abu-Dabidə Papa Fransisk və Şeyx Əl-Tayyib tərəfindən imzalanmış “İnsan Qardaşlığı haqqında” Sənədin müddəalarına uyğun olan qlobal müsəlman-xristian dialoqunun növbəti tarixi zirvəsi kimi səciyyələndirilib. Görüşdə müasir dünyanın böhran və çağırışlarının öhdəsindən gəlinməsində dini liderlərin rolu xüsusi olaraq vurğulanıb.

Həmin gün Şeyx Əhməd Əl-Tayyibin başçılığı ilə Dünya Müsəlman Ağsaqqalları Şurasının iclası keçirilib. Toplantıda Şuranın növbəti illər üçün strategiyası, fəaliyyətinin inkişaf etdirilməsinin vacibliyi, İslamdaxili birliyin möhkəmləndirilməsi yolunda atılacaq praktiki addımlar, İslamın həqiqi dəyərlərinin cəmiyyətlər arasında yayılması, xüsusilə də gənclərin ekstremist cərəyanların təsiri altına düşmələrinin qarşısının alınması yönündə maarifləndirmə işinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Şeyx Əhməd Əl Tayyib öz çıxışında “keçmişin qalıqlarını və hazırki dövrün mübarizələrini aşıb keçə bilən İslam – İslam dialoquna hazır olunmasının vacibliyini qarşılıqlı hörmət üzərində bərqərar olan, hər bir məzhəb və təriqətin fərqli sahələrdə düşüncə və yanaşmalarına hörmət olunması ilə ədavətin aradan qaldırılması yolu ilə yeni birgəyaşayış səhifəsinin açılması vaxtının yetişdiyini” bildirib.

Toplantıda çıxış edən Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Şuranın rəhbərinə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Bəhreyn forumu çərçivəsində çıxışında müsəlman birliyinə toxunan Şeyxülislam deyib: «Biz hamımız şahidik ki, 2019-cu ildə Abu-Dabidə Əl-Əzhərin Şeyxi Əhməd əl-Tayyib həzrətləri və Papa Fransisk həzrətləri tərəfindən imzalanmış “İnsan Qardaşlığı” Sənədi dünyada sülhə, təkcə müsəlmanlar və xristianlar arasında deyil, həm də bütün dinlərdən olan xalqların qarşılıqlı hörmət içində dinc yanaşı yaşaması ideyasına və insan qardaşlığına böyük töhfədir». Şeyxülislam A. Paşazadə qeyd edib ki, multikulturalizmi dövlət siyasəti olaraq həyata keçirən Azərbaycan dünyada insan həmrəyliyinə xidmət edən təşəbbüslərlə çıxış edir və bu istiqamətdə qlobal səyləri dəstəkləyir. Bu əsnada, «İnsan qardaşlığı» Sənədinin müddəalarından irəli gələn məqamlar Azərbaycan tərəfindən dəstəklənir. QMİ sədri vurğulayıb ki, ölkəmizdə dini, məzhəb ayrıseçkiliyi yoxdur, islamdaxili vəhdət hökm sürür.

QMİ sədri bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Əlcəzairə rəsmi səfəri ilə əlaqədar toplantı iştirakçılarına məlumat verib. Dövlət Başçımızın İslam həmrəyliyi ideyalarına söykənən tarixi çıxışında Əlcəzair xalqının öz müstəqilliyi uğrunda göstərdiyi mücadiləyə verdiyi yüksək dəyər bütün iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. KAİCİİD beynəlxalq dinlər və sivilizasiyalar arası dialoq Mərkəzinin Direktorlar şurasının üzvü d-r Məhəmməd Sammak Prezident İ.Əliyevin Əlcəzairə səfərinin ümumən ərəb dünyasında böyük maraqla izlənildiyini və dövlət başçımızın çıxışının xüsusi ehtiramla qarşılandığını diqqətə çatdırıb. O eyni zamanda Şeyxülislam A.Paşazadəyə xitab edərək Azərbaycanın tolerantlıq məkanı olaraq, islamdaxili və məzhəblərarası münasibətlərdə bir nümunə olduğunu ifadə edib. Şura üzvləri adından Şeyxülislam A.Paşazadəyə müraciət olunaraq, Azərbaycan Respublikasının Prezidentinə onların salamlarının və Əlcəzair səfəri zamanı İslam həmrəyliyi ideyalarına göstərdiyi diqqətə görə minnətdarlığın çatdırılması rica edilib.

Şeyxülislam A. Paşazadə Azərbaycan xalqının yaxın günlərdə 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümününü qeyd edəcəyini xatırladaraq, 2020-ci ildə Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları əsasında 30 ilə qədər davam etmiş Ermənistanın hərbi təcavüzünə son qoyaraq əzəli torpaqları olan Qarabağı işğaldan qurtararaq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. O, hal-hazırda dövlətimizin işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi abidələrimizi bərpa etdiyi, torpaqlarımızı minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri apardığı barədə məlumat verib. Habelə, bölgəmizdə baş verən hadisələr haqqında geniş məlumat verən QMİ sədri Azərbaycanın bölgədə sülh, qarşılıqlı anlaşma və iqtisadi əməkdaşlıq yönündə davamlı olaraq dialoq müstəvisi və layihələrlə çıxış etdiyini diqqətə çatdırıb. Şura sədri və tədbir iştirakçıları, öz növbələrində, Şeyxülislam A. Paşazadəyə, məzmunlu çıxışına görə təşəkkür ediblər və Azərbaycan xalqını və dövlətini 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin ikinci ildönümü münasibətilə təbrik ediblər.

Bəhreyn Forumu çərçivəsində Şeyxülislam A.Paşazadə Roma Papası Fransisk, Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib, Vatikanın ali nümayəndələrindən Dövlət katibi kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik şurasının prezidenti, kardinal Migel Anhel Ayuso, arxiyepiskop Edqar Penya Parra, arxiyepiskop Pol Riçard Qallaher, habelə Konstantinopol patriarxı Varfolomey, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və digər nüfuzli din xadimləri ilə ikitərəfli görüşlər keçirib. QMİ sədri Şeyxülislam A. Paşazadənin Bəhreyn Krallığı Ali İslam Məsələləri Şurasının prezidenti, Kral ailəsinin üzvü Şeyx Əbdürrəhman bin Məhəmməd bin Raşid Əl Xəlifə ilə görüşündə ölkələrimiz arasında əlaqələrin, o cümlədən, dini-mənəvi müstəvidə münasibətlərin dərinləşdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib həzrətləri Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının Əlcazair Zirvəsində etdiyi tarixi çıxışı olduqca yüksək dəyərləndirərək, dövlət başçımıza salam-dualarını yetirməyi Şeyxülislamdan rica edib. Şeyxülislam A. Paşazadə, öz növbəsində, Əl-Əzhərin Baş İmamını Azərbaycana təşrif buyurmağa dəvət edib. Əl-Əzhərin Şeyxi Azərbaycanda məzhəblərarası münasibətlərin yüksək səviyyəsi barədə Şura üzvlərinin yekdil rəyinə böyük dəyər verərək müxtəlif din və məzhəb ardıcıllarının qarşılıqlı anlaşma şəraitində yaşadığı, sünnilərlə şiələrin bir məsciddə namaz qıldığı, dünya üçün örnək olan İslam ölkəsi Azərbaycanı ziyarət etmək dəvətini məmnuniyyətlə qəbul edib.



Xəbəri paylaş

1149 dəfə oxunub.

Digər xəbərlər