Saytımızı qiymətləndirin


 
 

Putinin Qarabağ haqda dediklərinin arxasında nə dayanır? – “Deyəsən, qartalın başı artıb”
Tarix: 28-10-2022 | Saat: 12:41
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Putinin Qarabağ haqda dediklərinin arxasında nə dayanır? – “Deyəsən, qartalın başı artıb”

 


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəylinin “Yeni Sabah” müsahibəsi:

- Ötən gün Rusiya prezidenti Vladimir Putinin “Valday” Forumunda Azərbaycan və Ermənistan barəsində səsləndirdiyi fikilərə bələdsiniz. Putin məlum forumdakı çıxışı zamanı deyib ki, Azərbaycan və Ermənistan istəsə, Vaşinqton formatıyla danışıqlara gedə bilər. Sizcə, Rusiya dövlət başçısının bu məsələyə bu qədər loyal yanaşmasının səbəbi nədir?

- Əslində, bu ifadənin dilə gətirilməsinin özü belə Rusiyanın tənzimlənmə prosesində obyektiv mövqedə durmadığını sübuta yetirir.

Azərbaycanın suveren hüquqularıyla bağlı Rusiyanın hər hansı bir iddiasının olmadığını bildirən fikirlər daha öncə də Putin tərəfindən səsləndirilmişdi. Nəzərə alsaq ki, biz müharibə dövründə Putindən götürülən müsahibələrdə və açıqlamalarda görmüşdük ki, Rusiya tərəfindən Qarabağ Azərbaycan əraziləri hesab olunur. Yəni həmin vaxt konkret fikir səsləndirilmişdi. İndi isə Vaşinqton variantı deyə mücərrəd mülahizələri ortaya ataraq, dolayısı yolla Azərbaycanın suveren hüquqlarının Ermənistan tərəfindən şübhəyə alındığını irəli çəkərək fikirlər səsləndirmək nə Rusiyanın prosesdəki vasitəçilik mövqeyinə, nə Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik müqaviləsinə, nə də 10 noyabr bəyanatının prinsiplərinə uyğun gəlmir. Yəni bu iki standartlaırn təməlində hansı amillər dayanır, bəlli deyil.

Mahiyyət etibarilə, əgər Ermənistanın regionda atdığı addımlara diqqət yetirsək, Ermənistan daha çox Rusiyanın maraqlarının əleyhinə addımlar atıb. Praqa görüşündən sonra da regiona xarici qüvvələrin cəlb edilməsi istiqamətində atılan addımları da nəzərə alsaq, əslində, Rusiya prezidenti və rus mediası Ermənistana qarşı sərt mövqedə dayanmalıydı. Əgər söhbət konkret Rusiyanın maraqlarından və ədalət prinsiplərindən çıxış etməkdən gedirsə...

Sözün doğrusu, mən bu ikibaşlı ifadələrin nədən qaynaqlandığını anlaya bilmədim. Ola bilsin ki, Ukrayandakı məğlubiyyət Rusiya prezidentinin hadisələri doğru qiymətləndirməsinə mane olur. Necə ki, Ukraynadakı prosesləri qiymətləndirə bilmir.

- Yəni siz deyirsiniz ki, Putinin loyallığı məhz Ukrayna məsələsi ilə əlaqəlidir...

- Dolayısı yolla, bəli, məhz Ukrayna məsələsi ilə əlaqələndirirəm. Paralel olaraq da, həmçinin, cavab tapmağa çalışıram ki, bunun mahiyyətində daha hansı faktorlar dayana bilər. Əslində, bu loyallıq deyilən ifadənin sözün doğrusu, nəyə münasibətdə loyallıq olduğunu diqqətə almaq lazımdır. Yəqin ki, söhbət ABŞ-ın prosesdə iştirakına loyal yanaşmaqdan gedir. Əgər söhbət bundan gedirsə, prinsip etibarilə, Rusiya prezidentinin ictimaiyyət qarşısında açıq bir formada özünün də daha öncə qeyd etdiyi kimi, Azərbaycanın suveren hüquqlarına aid olan ərazilərlə bağlı fərqli bir fikir söyləməsi mümkün deyildi. Çünki Putin daha öncə də qeyd etmişdi ki, beynəlxalq səviyyədə həmin ərazilər Azərbaycan torpaqlarıdır. Əgər Ermənistan Qarabağı Azərbaycanın suveren əraziləri kimi tanıyıb hər hansı bir iddia ortaya qoymursa, o zaman bu məsələdə Rusiya prezidentinin fərqli bir mövqe sərgiləməsi düşünürəm ki, absurd olardı.

Lakin mən hesab edirəm ki, ilk baxışdan loyal görünən mülahizələrin arxasında fərqli kontekstlər də var. Çünki Putinin erməni cəmiyyətinə ünvanlanmış “erməni xalqı istəyirsə və s.” ifadələri heç də birmənalı qarşılanmadı. Söhbət beynəlxalq hüququn prinsiplərindən, habelə de-fakto və de-yure Azərbaycan ərazilərindən gedirsə, Rusiya prezidentinin burada Ermənistan xalqının arzu və istəklərini nümunə gətirməsinin özü belə heç bir prinsipə uyğun deyil.

Bu baxımdan, düşünürəm ki, onun bu açıqlamasının bir neçə başı var. Adətən, biz Rusiyanın gerbindəki ikibaşlı qartal kimi, ikibaşlı açıqlamalar verdiyinin şahidi olmuşuq. Lakin bu dəfə, deyəsən, qartalın başı artıb.

-  Ermənistan Baş naziri Nikol Paşinyan isə Putinin açıqlamasından sonra bildirib ki, Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Nəzərə alsaq ki, Paşinyan Qərbyönümlü bir insandır. Əgər o, Brüsselin təklif etdiyi sülh sazişi modelinin tərəfdarıdırsa, niyə birbaşa olaraq bu ifadəni işlətsin?

-   Çünki Paşinyan indiki şəraitdə, ancaq vaxt udmağa çalışır. Düşünür ki, hətta Rusiya yeni bir təkliflər irəli sürəcəksə, bu da müəyyən bir vaxt aparacaq və həmin vaxta kimi Rusiyaya tətbiq olunan sanksiyala bu ölkəni daha da zəiflədə bilər və Ermənistan Rusiyanın təsir dairəsindən qopmaq üçün daha geniş imkanlar qazana bilər.

İndiki şəraitdə Ermənistan Baş nazirinin bütün manevrləri yalnız və yalnız vaxt qazanılmasına xidmət edir



Xəbəri paylaş

170 dəfə oxunub.

Digər xəbərlər
29-11-2021, 11:05 Dərmanlar ucuzlaşa bilər