Tarix: 27-10-2022 | Saat: 10:17
Bölmə:Karusel / Siyasət | çapa göndər
Oktyabrın 27-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısı öz işinə başlayıb
Qarabaginfo.az xəbər verir ki, toplantı Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən təşkil olunub.
TDT-na üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin, müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantının əsas məqsədi türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiyanın müzakirəsi və son nəticədə Forumun yaradılması ilə bağlı Niyyət Bəyannaməsinin imzalanmasıdır.
Toplantının açılış hissəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Rəqəmsal Media ilə iş sektorunun müdiri Elmir Vəlizadə, TDT-nın Baş Katibinin müavini Ömər Kocaman, Azərbaycan Respublikasının Media İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov salamlama nitqləri ilə çıxış ediblər.
Elmir Vəlizadə tədbirin iştirakçılarını salamlamış, bu cür tədbirlərin vacibliyi haqqında danışıb. O bildirib ki, son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir. Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanın audiovizual media sahəsinin hazırkı vəziyyəti və bir sıra yeniliklər haqqında ətraflı məlumat verib, TDT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin gələcək perspektivlərindən, audiovizual media üzrə birgə fəaliyyət haqqında fikirlər səsləndirmişdir. Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təşkil olunan tədbirin əhəmiyyətini vurğulayaraq türk dövlətləri arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan əməkdaşlığın media, o cümlədən audiovizual media və onun tənzimlənməsi sahəsində də gücləndirilməsinin zərurətindən danışıb. Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Ömər Kocaman, öz növbəsində tədbirin təşkil edilməsi üçün bu cür imkan yaradıldığına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Audiovizual Media tənzimləyicilərinin birgə şəbəkələşməsinin zamanın zərurəti olduğunu qeyd edib. TDT Katibliyinin bu istiqamətdə fəaliyyətindən danışan TDT rəsmisi audiovizual medianın tənzimlənməsi sahəsində ölkələrin təcrübə və bilik mübadiləsinin bütün tərəflərə faydalı olacağından əminliyini ifadə edib.
Toplantı öz işini iştirakçıların çıxışları, Forumun yaradılması ilə bağlı Türkiyə Radio və Televiziya Ali Qurumu olan RTÜK-ün konseptual təqdimatı və bu təqdimat ətrafında müzakirələrin aparılması ilə davam etdirib.
Bu Toplantı çərçivəsində TDT-na üzv və müşahidəçi dövlətlərin Media üzrə Əlaqələndirmə Komitəsinin 2-ci iclası da keçirilib.
Oktyabrın 28-də Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsinin imzalanması nəzərdə tutulur.
Digər xəbərlər