Saytımızı qiymətləndirin


 
 

“Bəyanatda səsləndirilməyən ayrı məqamlar da var” - Gürcüstan parlamentinin sabiq deputatı
Tarix: 24-10-2022 | Saat: 20:03
Bölmə:Karusel / Manşet | çapa göndər

“Bəyanatda səsləndirilməyən ayrı məqamlar da var” - Gürcüstan parlamentinin sabiq deputatı

“Yeni bir format – Tbilisi formatı, məncə, o qədər də real deyil. Arzu edərdim olsun, lakin böyük oyunçuların fonunda Tbilisi çox kiçikdir, təsir imkanları isə çox azdır”.

Qarabaginfo.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Gürcüstan Parlamentinin sabiq deputatı, hakim “Gürcü arzusu” partiyasının üzvü Mahir Dərziyev deyib.

Eks-deputat Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Tbilisinin yenidən vasitəçilik etməyə hazır olması barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib:

“Mən sadəcə olaraq, bir neçə məqamı nəzərinizə çatdırmaq istəyirəm: əvvəlcə, onu demək istəyirəm ki, dost, qardaş və strateji müttəfiq olan ölkələrdir. Gürcüstanın milli təhlükəsizlik konsepsiyasına görə, Azərbaycan strateji müttəfiqdir. Dostluğumuz, qardaşlığımız isə əsrlərdən dolanıb gəlir və bu gün də Azərbaycanla Gürcüstan əlaqələr bütün sahələr üzrə yüksələn xəttlə inkişaf edir. Bunun bariz nümunəsini bir sıra layihələr də təşkil edir.

Bu gün Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı onların keçirdikləri mətbuat konfrasındakı birgə bəyanatları bir daha sübut etdi ki, bu dostluq möhkəmdir. Nəinki regionun təhlükəsizliyi, regiondakı sülh və sabitlik, eyni zamanda Avropanın enerji təhlükəsizliyi, Avropa-Asiya nəqliyyat dəhlizi və ümumiyyətlə, əməkdaşlığın bir çox sahələri üçün böyük ümidlər vəd edir”.

“O ki qaldı Tbilisinin vasitəçiliyinə, zaman-zaman mən şahidi olmuşam ki, rəsmi Tbilisi Ermənistan-Azərbaycan münaqişəsində öz vasitəçiliyini təklif edib. Amma əvvəllər bu təklifləri çox ehtiyatlı şəkildə deyirdilər ki, Tbilisi danışıqlar üçün yer ola bilər, müəyyən vasitəçilik edə bilərik və s. Bu da təbiidir, çünki Gürcüstanın resursları, siyasi təsir, iqtisadi imkanları və bir dövlət olaraq çəkisi bundan o yana imkan vermir. Son dövrdə isə bu, daha çox tez-tez – Prezident və Baş nazir səviyyəsində, müxtəlif siyasilərin dilindən təkidlə səslənir. Bu da təbiidir, çünki Gürcüstan regionda sülh və sabitlik üçün maraqlıdır. Dediyim kimi, Gürcüstanın milli təhlükəsizlik konsepsiyasına görə, Azərbaycan strateji müttəfiqdir, Ermənistan isə dost və qonşu ölkədir. Gürcüstan iqtidarları həmişə maraqlı olublar ki, qonşu ölkələr arasında normal münasibətlər olsun. Hətta bizim iqtidar da belə son dövrdə bunu başqa cür izah edir, lakin “Gürcü arzusu” iqtidara gəldiyi dönəmdən, hətta bizim torpaqlarımızı işğal etmiş Rusiya ilə münasibətləri normallaşdırmaq üçün belə əlindən gələni edib”, – əlavə edib.

M. Dərziyev düşünür ki, Tbilisi formatı o qədər də real deyil:

“Yeni bir format – Tbilisi formatı, məncə, o qədər də real deyil. Arzu edərdim olsun, lakin böyük oyunçuların fonunda Tbilisi çox kiçikdir, təsir imkanları çox azdır. Amma bu, bir xoşniyyətdir və hədisdə də qeyd olunur ki, quşlardan biri dimdiyində saman gətirib alovun üstünə atır, o birisi isə su gətirib atır. Gürcüstanın bu xoşniyyəti də məhz belə qiymətləndirilməlidir”.

“Bu gün dövlət başçısının Gürcüstana işgüzar səfəri də çox qısa bir müddətdə elan olundu, gəldi, görüş keçirildi, mətbuat üçün bəyanat verildi. Amma mətbuat üçün deyilməyən, bəyanatda səsləndirilməyən ayrı mübhəm məqamlar da var. Mən əminəm ki, eləcə də Gürcüstan cəmiyyətində də əmindirlər ki, bu, ucadan deyilməsə də, yenə də regiondakı sülhün, sabitliyin tam bərqərar olunmasına, iki ölkə arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək”. – müsahibimiz yekunlaşdırıb.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər