Azərbaycan siyasətində canlanma gözlənilir. Bu dəfə hakimiyyət əleyhdarlarının bir araya gələrək, siyasi proseslərə yenidən nüfuz etmək niyyətində olduğu bildirilir.
Yenisabah.az xəbər verir ki, müxalifət cəbhəsi iki yeni ittifaqa hamilədir. Uzun müddətdən bəri kölgəyə çəkilmiş iki təcrübəli müxalif liderin aktiv siyasətə qayıtmağa hazırlaşdığı vurğulanır. Söhbət Azərbaycanın ilk siyasi partiyasının qurucusu və lideri olmuş keçmiş AMİP sədri Etibar Məmmədov və sabiq spiker, Müsavat Partiyasının ilk başqanı İsa Qəmbərdən gedir.
Qeyd edək ki, siyasətdən getdikdən sonra aktiv biznes fəaliyyəti ilə məşğul olan və özünü unutdurmağa çalışan istiqlalçı-deputat E. Məmmədov son vaxtlar yenidən fəallaşıb. Çoxillik siyasi fəaliyyəti dövründə publikaya nüfuz etməsiylə seçilən AMİP liderinin son vaxtlar siyasi proseslərə aktiv müdaxilə etməsi diqqətdən yayınmır. E. Məmmədovun siyasi arenada qəfildən “zühur” etməsi analitiklər üçün uzağagedən nəticələr çıxarmağa səbəb olub.
Diqqətçəkən ən önəmli məqam isə Etibar Məmmədovla birlikdə siyasətdən getmiş ənənəvi elektoratın yenidən fəallaşmasıdır. İndi onlar daha çox xarici siyasətlə bağlı açıqlamaları ilə gündəmə gələn AMİP liderindən fərqli olaraq, daxili siyasətlə də maraqlanır, ən müxtəlif siyasi proseslərə münasibət bildirməkdən çəkinmirlər. Müşahidəçilər E. Məmmədovun tezliklə AMİP-in bazasında, yaxud daha fərqli platformada güclü siyasi təşkilat yaradacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, E.Məmmədovun qəfil fəallaşması onun əzəli və əbədi rəqibi sayılan sabiq Müsavat başqanı İsa Qəmbəri də hərəkətə gətirib. Bu gün yayılan məlumatlara görə, İ.Qəmbər tezliklə 30 ilə yaxın rəhbərlik etdiyi Müsavat Partiyasının başqanlığına qayıtmağa hazırlaşır.
Analitiklərin fikrincə, təcrübəli Qəmbər meydanı ulduzunun heç vaxt barışmadığı Etibar Məmmədova buraxmaq istəmir.
Məlumatlara görə, hər iki qocaman siyasətçi öz ətrafında yeni güc mərkəzi yaratmağı hədəfləyir.
İ. Qəmbər və E. Məmmədovun yenidən aktiv siyasətə qayıdaraq proseslərin önünə çıxmaq cəhdi vacib bir amillə əlaqələndirilir. Analitiklər hesab edirlər ki, əzəli və əbədi rəqiblər Seçki Məcəlləsinin dəyişəcəyi və proporsional sistemin bərpa olunacağı ilə bağlı xəbərlərdən ruhlanıblar. Həm İ.Qəmbərin, həm də E.Məmmədovun proporsional seçki sistemi bərpa olunacağı təqdirdə başçılıq edəcəkləri siyasi ittifaqla mübarizəyə qoşulması gözlənilir.