Saytımızı qiymətləndirin


 
 

“Aksiyaları təşkil edən Vardanyandır, Arayikin də xəbəri var...”
Tarix: 10-10-2022 | Saat: 11:41
Bölmə:Karusel / Region | çapa göndər

“Aksiyaları təşkil edən Vardanyandır, Arayikin də xəbəri var...”

“Əvvəla, ondan başlayaq ki, Araik Arutyunyanın “hakimiyyət”dən uzaqlaşdırılması, yaxud “hakimiyyət”də qalmasını Qarabağın erməni əhalisi heç vaxt həll etməyib, indi də həll etməyəcək. Yəni Arutyunyan İrəvandan təyin olunub və lazım gələrsə, İrəvan da onu uzaqlaşdıracaq. Bu, daim belə olub”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Politoloq son günlər Xankəndində baş verən hadisələrin pərdəarxası məqamlarına münasibət bildirib.

Xatırladaq ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərində yaşayan ermənilər qondarma rejim “rəhbər”i Araik Arutyunyandan Praqa sammitindən sonrakı mövcud durumu şərh etməsini, habelə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması kontekstində onun xalqla görüşməsini tələb ediblər.

Öz növbəsində, N. Şəfiyev deyib ki, Qarabağda müstəqil bir hərəkat olmayıb.

Analitik vurğulayıb ki, bu hərəkat hələ 80-ci illərdə başlayanda bunu xaricdən və Ermənistandan Qarabağa gələn missionerlər idarə ediblər:

“Ermənistanın özündə bunu Livan, Fransa və ABŞ-dan gələn missionerlər həyata keçiriblər. Ona görə də bu məsələnin bir tərəfi.

Əhalinin çölə çıxmasına gəldikdə isə bunu hansısa digər qüvvələr təşkil edib. Versiyalardan biri də budur ki, aksiyaları təşkil edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın özüdür və Arutyunyanın özünün də bundan xəbəri var. Bunun da səbəbi odur ki, Qarabağın dağlıq hissəsinin ermənilər yaşayan ərazilərdəki qondarma qurumun “hakimiyyət”ində dəyişiklik etsinlər. Yəni Vardanyan milyarder olaraq orada “hakimiyyət”ə gəlsin. Onun “hakimiyyət”ə gəlməsindən sonra Qarabağ ermənilərini Ermənistandakı ermənilərdən bir növ ayırmaq olar və rəsmi Moskva istəsə, bunu ayıra bilər”.

Siyasi şərhçi deyib ki, eyni zamanda ermənilər bütün bu proseslərdə bir şeyi nəzərə almalıdırlar ki, bunu da yaddan daim çıxarırlar:

“Biz Azərbaycan dövləti olaraq dəfələrlə onlara müəyyən məsələlərdə xəbərdarlıq edirik və başa salırıq ki, ay insanlar, özünüzü bədbəxt etməyin, gəlin, bu məsələni sülhlə həll edək. Yəni biz bunlara müəyyən yollar göstəririk, amma bunlar fitvaya gedərək, bizi eşitməyərək baş qaldırırlar, qanun pozuntularına, hətta bir çox hallarda terror aktlarına yol verirlər. Buna görə də məcbur olaraq, Azərbaycan dövləti qərar qəbul edir, onların başı əzilir və ondan sonra biz dediyimizə gəlirlər. Hazırda da elə bir proses gedir ki, məcbur edəcəklər ki, Azərbaycan növbəti bir əməliyyat keçirsin, onları başa salsın ki, nə var-nə yox. Sonra da Azərbaycan qaydalarını qəbul edən ermənilər bizim şərtlərlə orada yaşasınlar, digərləri isə məcbur olub hələ ki onlar üçün açıq olan koridorla Ermənistana və başqa yerə qaçıb çıxıb getsinlər”.

N. Şəfiyev bir məsələdən də gileylənib. O söyləyib ki, ermənilərin baş qaldırmasına gəldikd, erməni siyasətində bir faktor var ki, biz onu az işıqlandırırıq:

“Bu nədən ibarətdir? Təkrar edirəm, 80-ci illərdən etibarən, habelə 90-cı illərdə erməni cəmiyyətində daim iki və yaxud üç qütblü siyasi sistem qurulurdu. Məsələn, siyasi hakimiyyətdə olanlar Rusiyameylli idilərsə, onlara müxalif olan qüvvələrin bir qismi Avropameylli və digər ideyalara meylli olan kəslərdən ibarət olurdu. Lazım olan vaxtda isə dünyanın güc mərkəzlərində güclərin dəyişildiyi vaxtı onlara uyğunlaşıb, öz aralarında hakimiyyəti dəyişib, bu biri qüvvələrə qulluq edirdilər”.

Müsahibimiz düşünür ki, elə buna görə də hazırda Nikol Paşinyanın özü də məcbur olub Azərbaycanla danışıqlara gedib:

“Paşinyan məcburiyyət qarşısında ərazi bütövlüyümüzü tanıdı. Çünki 2 ildir o, buna müqavimət göstərirdi, lakin axır ki, Azərbaycan dövlətinin siyasəti onu məcbur etdi ki, o, bu faktı qəbul etsin. Hətta bunu bu vaxta kimi onlara himayədarlıq edən və bu gün də davam edən Fransanın rəhbərliyi qarşısında Azərbaycanın ərazi bütövlüyünü qəbul etdi. Lakin bunlara rəğmən, nə Paşinyanın özü, nə də ermənilərin əksəriyyəti bununla barışmaq istəmirlər ki, Qarabağa birmənalı şəkildə Azərbaycanın tərkib hissəsidir”.

“Çox güman, bu da siyasətin bir qoludur ki, artıq Azərbaycan Prezidenti açıq elan etdi ki, “Qarabağ bizim ərazidir, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlardır və onlarla nə vaxt ünsiyyət qurub, danışıqlar aparmaq bizim istəyimizə bağlıdır. Lazım olarsa, biz o danışıqları aparacağıq”. Bəlkə də bu cür prosesləri qarışdırmaqla onlar Qarabağda yaşayan erməni icmasını yenidən gündəmə gətirmək istəyirlər ki, beynəlxalq miqyasda onlarla bağlı bəzi bəyanatlar qəbul olunsun. Bunu da istisna etmək olmaz və bunun da qarşısı alınmalıdır”, – deyə o, yekunlaşdırıb.



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər