Saytımızı qiymətləndirin


 
 

İndoneziya ilə Azərbaycanın diplomatik əlaqələrin qurulmasının ildönümü ilə bağlı rəsmi qəbul keçirilib - FOTO
Tarix: 06-10-2022 | Saat: 20:11
Bölmə:Karusel / Manşet | çapa göndər

İndoneziya ilə Azərbaycanın diplomatik əlaqələrin qurulmasının ildönümü ilə bağlı rəsmi qəbul keçirilib - FOTO

İndoneziyanın Bakıdakı səfirliyi İndoneziyanın Müstəqillik Gününün 77-ci ildönümü və İndoneziya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etmək münasibətilə rəsmi qəbul keçirib.

Qarabaginfo.az xəbər verir ki, qəbulda fəxri qonaq qismində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib. Tədbirdə, həmçinin xarici ölkələrin Bakıdakı səfirləri, hökumət rəsmiləri, diplomatik korpusun, özəl sektorun və media nümayəndələri, eləcə də Azərbaycandakı İndoneziya icması və İndoneziyanın dostları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb, İndoneziya səfiri və fəxri qonağın çıxışları ilə davam edib.

Səfir Hildi Hamid çıxışında İndoneziya ilə Azərbaycan arasında son 30 il ərzində uğurlu ikitərəfli münasibətlərin olduğunu vurğulayıb:

“Bu il iki qardaş ölkəmiz, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. 30 illik ikitərəfli münasibətlərimiz zamanın sınağından keçmiş və daim inkişaf edir. Hər keçən il ərzində biz daha da güclənir və son iki onillik ərzində misli görünməmiş uğurlarla nəticələnmiş münasibətlərimizi möhkəmləndirmişik.”

İndoneziya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan səfir onu da əlavə edib ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib. Ticarət həcmi yüksəlir və iki ölkə arasında qarşılıqlı səfərlər də artır. Biznes imkanlarının təşviqi və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfə vermək məqsədilə Bakıda biznes forumlar keçirilir. İndoneziya, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir.

Kənd təsərrüfatı naziri İnam Kərimov da İndoneziyanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik nitqi ilə çıxış edib. O, həmçinin iki ölkə arasında iqtisadi, ticarət və beynəlxalq təşkilatlar sahəsində güclü ikitərəfli əlaqələrin olduğunu vurğulayıb:

“Azərbaycan və İndoneziya gözəl şəhərlərə, zəngin təbiətə, qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk. Bu üstünlüklər bizim turizm potensialımızı daha da artırır və müvafiq sahədə əməkdaşlığımızın dərinləşdirilməsini zəruri edir.”

Uğurlu mərasim daha sonra anqklunq, talemponq və sape kimi ənənəvi musiqi alətlərinin ifa olunduğu, eləcə də müxtəlif ənənəvi rəqslərin nümayiş olunduğu mədəni çıxışlarla davam etdi. Bu münasibətlə indanq (Qərbi Sumatra), enqanq (Kalimantan), ondel-ondel (Cakarta), topenq və puspancali (Bali) kimi beş ənənəvi İndoneziya rəqsi indoneziyalı rəqqas və İndoneziya təqaüdlərinin məzunları olan azərbaycanlı tələbələr tərəfindən ifa olunub.

Qəbul münasibətilə, qonaqlara İndoneziyanın zəngin və müxtəlif mədəniyyətini xarici ictimaiyyətə təqdim etmək məqsədilə Sumatra, Yava, Bali, Kalimantan adalarına məxsus ənənəvi geyim, tekstil və sənətkarlıq nümunələrinin kiçik sərgisi də təşkil edilib. (apa.az)



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər
8-04-2022, 15:18 Bar qızları