Tarix: 05-10-2022 | Saat: 13:30
Bölmə:Karusel | çapa göndər
Qazaxıstanın Atırau vilayətində Xəzər dənizində suyun səviyyəsi qəfil qalxıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri Əmir Əliyev APA-ya açıqlamasında bildirib ki, Atırau vilayətində Xəzər dənizində baş verən proses dəniz səviyyəsinin qalxması deyil, müvəqqəti səviyyənin dəyişməsidir.
O deyib ki, dənizdə bir neçə gün güclü kükləklər əsdikdə sahili su basır:
“Külək səngidikdə isə su yenidən qayıdır. Bu hadisə suqovma adlanır. Qazaxıstanın Atırau vilayətində Xəzər dənizində baş verən proses də suqovmadır. Bu şimali Xəzərdə daha çox olur. Bəzən müşahidələr göstərir ki suqovma nəticəsində Xəzərin şimal sahillərinə 20-30 km su gəlir, hündürlüyü isə 1-2 m arası olur. Lakin suqovma Xəzərin Azərbaycan sahilləri üçün xarakterik deyil. Bunun üçün sahil düzənlik olmalıdır”.
Alim hazırda Xəzərin səviyyəsinin nə qədər olması ilə bağlı da danışıb. O bildirib ki, Xəzərin səviyyəsi hər il düşməyə davam edir:
“Keçən illə müqayisədə Xəzərin səviyyəsi 20 sm enib. Ondan əvvəlki illərlə də müqayisə etsək azalma var. Bu isə dənizə gələn çay sularının azalması ilə bağlıdır. Əsasən Volqa və Uraldan Xəzərə tökülən suda 30%-ə qədər azalma müşahidə edilir. Həmçinin qlobal istiləşmə səbəbi ilə buxarlanma da artıb. Xəzərin səviyyəsinin enməsi təxminən 2035-ci ilə qədər davam edəcək. Ondan sonra ola bilər ki, Xəzərin səviyyəsində qalxma müşahidə edilsin” - o bildirib.
Digər xəbərlər