Tarix: 04-10-2022 | Saat: 18:23
Bölmə:Karusel | çapa göndər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Al Səud ilə görüşüb.
XİN-dən verilən məlumata görə, nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov, Səudiyyə Ərəbistanının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlayaraq, 30 il ərzində iki ölkə arasında inkişaf edən münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını məmnunluqla qeyd edib. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ali və yüksək səviyyəli təmasların müxtəlif sahələrdə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratdığı bildirilib. Bu xüsusda, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.
Ölkələrimiz arasında çoxtərəfli platformalar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyin göstərildiyi diqqətə çatdırılıb. Regional əməkdaşlıq üçün mühüm platformalardan biri kimi Körfəz Əməkdaşlıq Şurası çərçivəsində Səudiyyə Ərəbistanı ilə birgə əməkdaşlığın inkişafı xüsusi olaraq vurğulanıb.
Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 7-ci görüşünün cari ilin sonunda Bakıda keçirilməsinin planlaşdırıldığı qeyd edilib. Sözügedən görüşün iqtisadi münasibətlərin inkişafına təkan verəcəyinə dair inam ifadə olunub. İki ölkənin müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində, alternativ enerji resurslarının inkişafı üzrə birgə uğurlu layihələr həyata keçirdiyi, bu işlərin genişləndirilməsi üçün geniş perspektivlərin olduğu bildirilib.
44 günlük müharibədən sonra post-münaqişə dövründə sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar, eyni zamanda Ermənistanın təxribatları və prosesə maneələri barədə qarşı tərəfə müfəssəl məlumat verilib.
İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri diqqətə çatdırılıb, bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.
Digər xəbərlər