Saytımızı qiymətləndirin


 
 

İmtahanda antirekorda imza atan rayonlar – “Statistika yetərli deyil”
Tarix: 09-09-2022 | Saat: 16:03
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva IX siniflərin buraxılış imtahanlarında Bakının dörd rayonunun şagirdlərinin aşağı nəticə göstərdiyini açıqlayıb. O bildirib ki, Xəzər, Qarabağ, Sabunçu və Pirallahı rayonlarında nəticələrin zəif olması ümumi işə zərbə vurur.

 

Bəs Bakıətrafı rayonlarda nəticənin belə zəif olmasının səbəbi nədir?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Ceyhun Məmmədov bildirib ki, təkcə statistikanı səsləndirmək problemin həllinə ciddi təsir göstərmir:

 

“Statistikanın açıqlanması real vəziyyəti bilmək üçün vacibdir. Amma bu, yetərli deyil. Belə statistikalar səsləndiriləndə səbəblər də göstərilməlidir və bu, ciddi araşdırılmalı, nəticəsi açıqlanmalıdır. Belə halların baş verməsinə görə bilavasitə məsuliyyəti həmin məktəblərin rəhbərliyi, Mərkəzi İcra Hakimiyyəti orqanı daşıyır. Biz sertifikasiya imtahanı keçiririk, müəyyən addımlar atırıq. Hesab edirəm ki, bu gün məktəblərimizin, direktorlarımızın ciddi diaqnostikasına ehtiyac var. Həmin aşağı nəticə göstərən məktəblərin direktorları bilavasitə məsuliyyət daşıyırlar.

 

Bununla bağlı mütləq hesabat verilməlidir. Uğursuz fəaliyyət göstərən, nəticələri aşağı olan məktəblərlə bağlı təhlillər aparılmalı, onların rəhbərlərinin fəaliyyəti qiymətləndirilməlidir. Mən düşünürəm ki, burada əsas məsuliyyəti sırf məktəb direktorları daşıyır. Onlar səviyyəni qaldırmalı, xəbərdarlıqdan sonra yüksək nəticəyə çalışmalıdır. Əgər nəticə olmasa, həmin məktəblərin direktorlarının dəyişdirilməsi ilə bağlı qərar qəbul edilməlidir. Bu məsələlərdə çevik və operativ olmalıyıq. Problem göstərilirsə, onun səbəbləri və həlli yolları da açıqlanmalı, müvafiq addımlar atılmalıdır. Heç bir səbəb olmadan nəticənin aşağı olması mümkün deyil. Ona görə, biz bu amilləri və onların rolunu ciddi nəzərə almalıyıq”.

 

Deputat onu da vurğulayıb ki, respublikada fəaliyyət göstərən bütün məktəblərin ciddi araşdırılmasına ehtiyac var:

 

“Bir də o məsələnin üzərində xüsusi durmaq istəyirəm ki, məktəb direktorları təyin olunarkən yalnız bilikləri deyil, insanlarla işləmək bacarığı nəzərə alınmalıdır. Bu vacib məsələdir. Biz cavan kadrlara yer veririk, onlar irəli çəkilir. Yaxşıdır. Amma digər vacib məqam isə həmin kadrların idarəçilik bacarığının olması, insanlarla işləyə bilməsidir.

 

Statistika yetərli deyil. Bunun yanında problemin səbəbi və növbəti mərhələdə atılacaq addımlar, onun nəticəsi göstərilməlidir ki, biz yekun hədəfimizə, məqsədimizə nail olaq”.



Xəbəri paylaş

212 dəfə oxunub.

Digər xəbərlər
23-03-2022, 22:54 Madlen Olbrayt vəfat edib