Saytımızı qiymətləndirin


 
 

“20 ildir hamı qorxub gizlənirdi. Nazim İbrahimov da qorxub...”
Tarix: 08-09-2021 | Saat: 20:24
Bölmə:Karusel / Multimedia | çapa göndər

20 il əvvəl Kiyevdə qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov barəsində cinayət işinin baxılması Bakı Hərbi Məhkəməsində davam edir.

Virtualaz.org -un xəbərinə görə, prosesdə şahidlər dindirilib. Əvvəlcə şahid qismində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, polkovnik Elxan Cəbiyev ifadə verib.  O, ifadəsində general R.Əkbərovu tanıdığını, 1994-2006-cı illər ərzində Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin rəis müavini vəzifəsində işlədiyini deyib.

Şahidin danışdıqlarından:  “2001-ci ilin may ayının axırlarında Müdafiə Nazirliyi tərəfindən Kiyevdə keçirilən beynəlxalq tədbirə göndərilmişdim. Həmin ərəfədə Azərbaycan Mədəniyyət günləri keçirilirdi. Mən də dəvət olunmuşdum. Rövşən Əkbərov da orada idi. Mənə dedi ki, Bakıya qayıtmazdan əvvəl səfirliyə gəl, sənədlər var, onları verim, Bakıya apar”.

Şahid deyir ki, səfirliyə gələrkən generalın ailəsi ilə birgə süfrə arxasında əyləşərək çay içdiklərini görüb. Onlarla salamlaşıb, süfrə arxasına əyləşib. R.Əkbərov qovluqdakı sənədləri ona verib və sənədlərdən muğayat olmasını tapşırıb. Təxminən bir saat sonra səfirliyə gələnlər yavaş-yavaş dağılmağa başlayıblar. R.Əkbərov ona “sənədlər səndədir, gəl səni taksi dayanacağına qədər özüm aparım” deyib.

 “General öz maşını ilə məni taksi dayanacağına kimi gətirdi. Oradan taksiyə əyləşib hərbçilər üçün nəzərdə tutulmuş mehmanxanaya gəldim. Ertəsi gün isə Bakıya yola düşdüm”,-Cəbiyev ifadəsində deyib.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib və səfirliyə məhz sənədləri götürmək üçün getdiyini deyib.   

Dövlət ittihamçısının “siz səfirliyə gələndə samovarın yanında kim var idi, çayı kim hazırlayırdı?“ sualına şahid həmin vaxtdan 20 il vaxt ötdüyünü, xatırlamadığını deyib.

Daha sonra məhkəmədə “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Yunus Oğuz ifadə verib. İfadəsində mərhum Elçin Əliyevi 1994-cü ildən tanıdığını, təqsirləndirilən şəxsi isə ilk dəfə gördüyünü deyib. Y.Oğuz şahid qismində 20 il öncə dindirildiyini məhkəmənin diqqətinı çatdırıb: “Elçin çox sakit, konfliktə girməyən, dövlətini sevən biri idi. Səhər tezdən Ukraynadan zəng gəldi ki, Elçini vurublar. Elçinin dostları, hamımızı atası evinə getdik. Orada gedən söhbətlərdən belə başa düşdüm ki, Elçini Rövşən Əkbərov öldürüb”.

Tərəflərin suallarını cavablandıran Y.Oğuz deyib ki, E.Əliyevin R.Əkbərov tərəfindən öldürülməsini N.İbrahimov, O.Hacıyev və qardaşı M.Əliyev deyib: “Nazimgil Elçinin meyitini gətirməyə getməmişdən əvvəl məlumat gəlmişdi ki, Elçini Rövşən Əkbərov öldürüb. Mən hadisəni gözümlə görməmişəm. Generalın yanında Nizami adlı polkovnik-leytenantın  olduğu da deyilirdi. Qardaşım Musaxan zəng vurub ağlaya-ağlaya “Məzahir deyir, Rövşən Əkbərov öldürüb” dedi. Onlara da Məzahir demişdi. Qardaşımla da Elçinin münasibətləri çox yaxşı olub. Hadisədən sonra polis onların hamısından izahat alıb”.

Şahid həmçinin mərhuma pul borcu olmadığını, aralarında həm də uğurlu biznes əlaqələri olduğunu deyib.

R.Əkbərov şahiddən E.Əliyevin 1998-ci ildə Türkmənistana hansı səbəbdən getdiyini soruşub. Şahid cavabında mərhumun biznesini genişləndirmək üçün getdiyini deyib. Daha sonra təqsirləndirilən şəxslə şahid arasında maraqlı dialoq yaranıb.

R.Əkbərov:

-Elçin o binadan (səfirliyin binasını nəzərdə tutur-red.) niyə çıxmışdı?

Şahid:

- 5 hektar, 2 min kvadratlıq yer Elçinin deyildi ki. Onun da  orada  cəmi bir otağı vardı. Bina dövlətin idi. Dövlət də rəsmi şəkildə səfirliyə vermişdi.

R.Əkbərov:

-Onu orada Nazim İbrahimov otuzdurmuşdu.

 

Şahid:

-Xeyr, elə deyildi. Sonradan Elçin özü yerini dəyişdi. Səfirliyin binası olandan sonra orada ofis kimi heç kim qala bilməzdi.

Sonuncu şahid mərhum E.Əliyevin yaxın qohumu Elman Ağayev olub. O, ifadəsində Elçinin sağlığında hər gün bir neçə dəfə onunla telefon əlaqəsi saxladıqlarını bildirib.

Şahidin danışdıqlarından sitat:  “Hadisədən bir gün öncə Elçinlə telefonla danışanda dedi ki, general Rövşən Əkbərov Kiyevdə qonaqdır, bir dəfə görüşmüşəm, sabah yenə də onunla görüşəcəyəm. Ertəsi gün zəng vurub Elçinin öldürüldüyünü xəbər verdilər. Dərhal Elçinin atasıgilə getdim, dostları hamısı gəlmişdilər. Elçinin nəşini Ukraynadan gətirdikdən sonra Nazim İbrahimov dedi ki, Rövşən Əkbərovla görüşdüm, dedi ki, Elçini mən öldürmüşəm. Ukraynada yaşayan dost-tanışlar da hamısı eyni sözü deyirdilər. Bunu hamı bildirdi. Polis də bilirdi, istintaq da bilirdi, prokurorluq da. Hamı bilirdi ki, Elçini Rövşən adlı general öldürüb. Hadisə vaxtı orada Qüdrət Əhmədov adlı şəxs də olub. Qüdrət özü də Elçinin anasına etiraf etmişdir ki, oğlunu Rövşən Əkbərov öldürüb, deməyə qorxuram. Məzahir də ölən günə qədər hadisəni Rövşən Əkbərovun törətdiyini deyirdi”.

Təqsirləndirilən şəxsin müdafiəçiləri şahidin istintaqa verdyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildiriblər. İstintaqa ifadəsində deyib ki, N. İbrahimov hadisənin Rövşən Əkbərovun törətməsindən xəbərsiz olduğunu ona bildirib.

"20 ildir hamı qaçıb gizlənirdi. Qorxurdular deməyə. Nazim İbrahimov da o vaxt həqiqəti deməyə qorxub, 20 il sonra vicdanı imkan verməyib, gəlib danışıb. Dedi ki, məni hara çağırırlarsa, orda danışıram. Bildiyimə görə, Məzahir Şıxəliyev sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olub, daha sonra məclislərin birində Rövşən Əkbərov bundan xəbər tutub”- şahid məhkəməyə ifadəsində belə deyib.

R.Əkbərov  yenə sual verib:

-Məlumatı Nazim İbrahimovun verdiyini deyirsiniz.  Bəs o niyə prokurorluq orqanlarına şikayət etmirdi?

Şahid:

-Elçinin ata-anası gecə-gündüz hərbi prokurorluğun, baş prokurorluğun qarşısında idilər. Nazim İbrahimov da deyirdi ki, lazımi yerlərə demişəm.

Məhkəmə prosesi 15 sentyabrda davam edəcək.

Qeyd edək ki, general-leytenant Rövşən Əkbərov bu ilin martında həbs edilib. Onun həbsi barədə Baş Prokurorluq məlumat verib. Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3 (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. General azərbaycanlı biznesmen Elçin Əliyevin qətlində ittiham olunur. Cinayət 1 iyun 2001-ci ildə Kiyevdə baş verib.

 

Virtualaz.org



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər