Saytımızı qiymətləndirin


 
 

Ramiz Mehdiyevin Rasim Məmmədovun məhkəməsində ifadə verməsi istənilib
Tarix: 05-09-2022 | Saat: 19:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ramiz Mehdiyevin Rasim Məmmədovun məhkəməsində ifadə verməsi istənilib

“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası davam etdirilib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda vəkillər Elçin Sadıqov və Pərviz Məmmədov iş üzrə bəzi sübutların iş materiallarından çıxarılması və üzərinə həbs qoyulmuş əmlaklarla bağlı vəsatət qaldırıblar.

Müdafiəçilər təqsirləndirilən şəxsin adına yazılmış əmlakların onun qohumlarına aid olduğunu deyiblər. Hər iki vəsatət baxılmamış saxlanılıb.

Bundan başqa, məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsi istənilib.

“83 yaşlı adamdır, lazım deyil”, - Rasim Məmmədov vəsatətə münasibət bildirib.

Məhkəmə zərurət yaranacağı halda əlavə şahidlərin çağırılmasının mümkün olacağını qeyd edərək vəsatəti baxılmamış saxlayıb.

Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.

İclasda əmlakları üzərinə həbs qoyulmuş şəxsləri təmsil edən vəkil Bəxtiyar Hacıyev də vəsatət qaldırıb. Vəkil Konstitusiya Məhkəməsinin qərarına istinad edərək müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınmalarını istəyib. Vəsatətdə üzərinə həbs qoyulmuş şəxslərin mülkiyyət hüququ pozulduğu, sərəncam vermək hüquqlarının olmadığı qeyd olunub.

Məhkəmə bu vəsatəti də baxılmamış saxlayıb.

Baxış iclası sentyabrın 9-a təyin olunub.

Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

Rəsmi məlumatda bildirilib ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar DTX tərəfindən araşdırılıb.

Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır