Saytımızı qiymətləndirin


 
 

Xəstələrdə qan qatılaşması artb - SƏBƏBLƏR
Tarix: 02-09-2022 | Saat: 10:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Son zamanlar müraciət edən xəstələrin çoxunda qan qatılığının artması lehinə dəyişikliklərə tez-tez rast gəlindiyi bildirilir. Əslində, bu, ciddi siqnaldır. Hər kəs bu baxımdan diqqətli olmalıdır. Əks halda nəticəsi heç də yaxşı olmur, qəfil ölümlər baş verir. Son zamanlar bu hal daha çox koronavirus keçirmiş insanlarda müşahidə olunur.

 

Ümumiyyətlə qatı, laxtalanmış qanın orqanizm üçün hansı təhlükəsi var?

 

Qarabaginfo.az xəbər verir ki, bu sualı Kliniki Tibbi Mərkəzin (KTM) Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva cavablandırıb.

 

Həkim bildirib ki, qanın laxtalanma sistemi orqanizmin əsas qoruyucu sistemlərindən biridir:

 

"Bu sistem qan damarlarında qanın daimi axmasını təmin edir. Həmçinin bu sistem damar divarında zədələnmələr zamanı qan laxtalarının əmələ gəlməsinə və orqanizmin qan itirmədən məhv olmasının qarşısının alınmasına xidmət edir. Lakin bəzən qanın bu müdafiə funksiyası təhlükəyə də çevrilə bilər. Çünki bir çox səbəblərdən qan qatılığının artması və tromb əmələ gəlməsi baş verə bilər, bu isə orqanların qanla təchiz olunmasını çətinləşdirir. Bəzən əmələ gəlmiş trombların damar divarından qoparaq, qan dövranına daxil olmasına və qəfil ölümlərə səbəb olur. Son zamanlar müraciət edən xəstələrin çoxunda qanın laxtalanma sisteminin göstəricilərində qan qatılığının artması lehinə dəyişikliklərə çox rast gəlinir. Bu daha çox koronavirus keçirmiş insanlarda müşahidə olunur. Əgər koronavirus keçirmiş insanların yanaşı digər ürək damar sistemi xəstəlikləri varsa, onlara qan durulducu preparatlar təyin olunur".

 

Kardioloqun sözlərinə görə, qan laxtalanma sistemində dəyişikliklər təbii səbəblərdən və xəstəliklərdən yarana bilər:

 

"Çox isti havada, az maye qəbulu və çox tər ifrazının olması qan laxtalanmasının artmasına səbəb ola bilər. Son bir neçə ilin təhlükəsi olan COVID-19 pandemiyası zamanı da qanın koaqulyasiya sistemində orqanizm üçün təhlükəli dəyişikliklərin baş verdiyi aşkar olunub. Bu səbəblərdən, COVID-19 ilə müalicə protokollarına qandurulducu preparatlar (antikoaqulant, antiaqreqantların) əlavə olunub. Bununla yanaşı, pasiyentlərə bol maye qəbulu və aktiv həyat tərzi də tövsiyə olunur. Bəzi qida maddələri var ki, onlar qan laxtalanma sisteminə müsbət təsir göstərir. Omega3 ilə zəngin qidalar - nar, zəncəfil, moruq, sarı kök və sitrus meyvələri bura daxildir. Ürək damar sistemi, şəkərli diabet, hipertoniyalı xəstələrdə laxtalanma sisteminə nəzarət vacibdir. İcbari tibbi sığortanın tətbiqindən sonra belə xəstələrə nəzarət etmək daha da asanlaşıb. Mütəmadi həkim nəzarəti və müayinələrin aparılması, belə xəstələrdə ağırlaşmaların qarşısını alır”



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər