Tarix: 01-09-2022 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm | çapa göndər
Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir.
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı "ASAN xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Digər xəbərlər