Laçın şəhəri və 6 kənd daxil olmaqla, hazırda Xankəndi şəhəri, Şuşa rayonunun 1 qəsəbəsi, 36 kəndi, habelə, Xocavənd şəhəri, eləcə də rayonun 1 qəsəbəsi, 45 kəndi, eyni zamanda Xocalı şəhəri, o cümlədən rayonun 1 qəsəbəsi, 44 kəndi, Kəlbəcərin üçdə bir hissəsi, yəni 30-a yaxın kənd, həmçinin, Ağdamın 8 kəndi və son olaraq Tərtər rayonuna aid Ağdərə şəhəri və 15-ə yaxın kənd (Ağdərə rayonunun köhnə kəndləri – red.) Azərbaycanın nəzarətindən kənardadır.
Sadalanmış ərazilərdə Azərbaycanın suverenliyi bərpa olunduqdan sonra Qarabağda yeni inzibati ərazi bölgüsü aparıla bilərmi?
Yenisabah.az-a danışan siyasi şərhçi Nadir Şəfiyev deyib ki, yeni ərazi bölgüsü aparmaq və ərazi-inzibati dəyişikliklər birbaşa olaraq Azərbaycan prereqativ hüquqlarından biridir:
“Əgər dövlət istəyərsə, indinin özündə bunu etmək üçün nə sülhməramlılardan, nə orada yaşayan əhalidən, nə Rusiya, nə də Ermənistan rəhbərliyindən təbii olaraq icazə almalı, nə də onların mövqeyini öyrənməliyik. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan hökuməti bu dəyişiklikləri aparmağı zəruri hesab edəcək, ya yox...
Erməni əhalisinə gəlincə, bununla bağlı dəfələrlə cənab Prezident və digər dövlət xadimləri bildirib ki, əgər ermənilər Azərbaycan qanunlarını qəbul edib orada yaşamaq istəyərlərsə, onları öz vətəndaşlarımız kimi qəbul edəcəyik. Onlara Azərbaycan pasportu verəcəyiksə, onlar da Azərbaycan qanunlarına tabe olub Azərbaycan dövlətinin və hökumətinin qəbul etdiyi qərarlara boyun əyməlidirlər”.
“Qarabağ ərazisində müəyyən ərazi bölgüləri dəyişdirildi, yen iqtisadi rayonlar yarandı. Hökumət daxili idarəçilikdə daha səmərəli variant düşünsə, təbii ki, bunu edə bilər”, - deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.