Tarix: 28-07-2022 | Saat: 11:26
Bölmə:Karusel / Qarabağ | çapa göndər
44 günlük Vətən Müharibəsindən sonra Ermənistanda sadə kütlə arasında müharibəyə etirazlar çoxalıb. Elə bu yaxınlarda erməni anaları xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporuna müraciət edərək, övladlarının Azərbaycan ərazilərində hərbi xidmətə məcbur edildiyini bildiriblər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Erməni anaları mövcud duruma etiraz edirlər. Onlar övladlarının Azərbaycan torpaqlarında hərbi xidmət keçməsinin tam əleyhinədirlər və buna məcbur edilmələrindən narahatdırlar. Erməni anaları övladlarını itirmək istəmədiklərini bildirərək, etiraza qalxıblar:
“Ermənistan cəmiyyəti indi anlayır ki, Azərbaycan öz torpaqlarını geri alıb və həmin əraziləri nəinki Ermənistana qaytaran deyil, hətta yeni torpaqlar əldə etmək niyyətindədir”.
Erməni anaları övladlarının Azərbaycan torpaqlarında qanunsuz hərbi xidmətə cəlb edilməməsi üçün Ermənistan hakimiyyətinə güclərinin çatmadığını, buna görə erməni diasporuna ümid bağladıqlarını bildiriblər.
Qeyd edək ki, erməni anaları bundan əvvəl də dəfələrlə etirazlar səsləndirib, ayağa qalxıblar. Onlar Azərbaycanın qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində övladlarından xəbər ala bilmədiklərindən şikayətlənirdilər.
Erməni anaların sözlərinə görə, itkin düşən erməni hərbçiləri Ermənistan hakimiyyəti tərəfindən fərari kimi göstərilir. Hətta müharibə zamanı həlak olan hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna da müraciət ediblər. Erməni anaları övladlarının başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsinin yolverilməz olduğunu, övladlarının boşuna müharibələrdə itirilməsinə qarşı çıxıblar. Onlar nəhayət ki, bölgədə sülhün gətirilməsinin vacibliyini vurğulayıblar.(modern.az)
Digər xəbərlər