Saytımızı qiymətləndirin


 
 

AMEA-nın ləğvi təklifinə dəstək gəldi - Qərar gözlənilir
Tarix: 27-07-2022 | Saat: 17:18
Bölmə:Karusel / Təhsil | çapa göndər

Son günlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yarıtmaz fəaliyyəti ciddi tənqidlərə tuş gəlib. AzTV-nin AMEA-nı "vuran" süjetindən sonra ölkənin elm ocağının ləğv olunması, ya da Təhsil Nazirliyinə birləşdirilməsi təklif olunur. 

 

Bəs, ahıl insanların yığıncaq yerinə çevrilən AMEA ləğv oluna bilərmi?

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib ki, bütün dünyada hər 5 ildən bir elm sahələrinin inkişaf strategiyaları hazırlanır. Deputatın sözlərinə görə, elmin inkişaf strategiyaları əsasında elmə ayrılan vəsaitlərə, elmi tədqiqatların aktivlik indeksinə, sənaye tətbiqinə baxılır:

 

“Bu gün geniş spektrli işlərdə elm mərkəzləri çox böyük rol oynayır. Ancaq indiki vəziyyətdə AMEA ölkədə elmin missiyasını həyata keçirə bilmir. Mütləq hansısa, dəyişiklik olmalıdır. AMEA-da struktur dəyişikliyindən, gəncləşmə siyasətindən tutmuş, əlavə insitutların qalıb-qalmaması, ayrılan vəsaitin nəticə yönümlü xərclənib-xərclənməməsi məsələləri müzakirə olunmaldır. Çox təəsüflər olsun ki, AMEA son 10 ilə yaxın müddətdə özünün durğunluq həyatını yaşadı. Ramiz Mehdiyevin təyinatından sonra intriqalar gücləndi, alimlər arasında qarşıdurmalar artdı. Əlavə yaradılan strukturlar elmin inkişafına heç bir təsir göstərmədi. Ayrı-seçkiliklər, yerlibazlıqlar, elmə yad olan məsələlər daha qabarıq şəkildə özünü göstərdi”.

 

 

E.Əliyev hesab edir ki, indiki durumda Elm və Təhsil Nazirliyinin yaradılmasına böyük zərurət var:

 

“İnstitutların birləşdirilməsi məsələsi önə çəkilə bilər. Elə institutlar var ki, bir istiqamətdir, ancaq şaxələnib bunların birləşdirilməsi islahatların tərkibinə daxil ola bilər. Hər halda AMEA-dakı ətalət aradan qaldırılmalıdır, bunun üçün ciddi siyasi qərarlara ehtiyac var. Elmi tədqiqatların aparılması hər bir ölkənin sənayesinin, iqtisadiyyatının hərəkətverici qüvvəsidir və bu bütün dünyada qəbul olunub. Təəssüflər olsun ki, AMEA bu funksiyanı yerinə yetirə bilmir. Elm adamlarının, akademiklərin demək olar ki, bütün məsələlərdə ictimai rəyə təsiri çox zəifdir. AMEA haqqında siyasi qərarın qəbul olunmasına ehtiyac var”.

 

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Təhsil Nazirliyinin birləşdirilməsi haqqında təklifə münasibət bildirib. Nazir deyib ki, ayrı-ayrı ölkələrin bununla bağlı fərqli təcrübələri var: 

 

"Bəzi ölkələrdə struktur Elm və Təhsil Nazirliyi olaraq fəaliyyət göstərir. Azərbaycandakı mövcud təcrübə haqqında sualın cavabı məndə deyil. Bu, icra hakimiyyətinin səlahiyyətində olan məsələdir".



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər