Bakupost.az mövzunun aktuallığını nəzərə alaraq komitədəki nehrəmlilərlə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, komitənin 4 000 əməkdaşının 1400-ündən çoxu Nehrəm kəndindədir. Bu sayın 1800, hətta 2000 olduğunu iddia edənlər də var. Səfər Mehdiyev komitənin az qala yarısını öz doğulduğu kəndin adamlarına etibar edib. Bu şəxslərin içərisində heç şübhəsiz ki, yaxın qohumları da var.
Onların sayı 40-dan çoxdur. Vaxtilə müxtəlif media orqanlarında Səfər Mehdiyevin 36 qohumunun siyahısı dərc olunub. Həmin şəxslərin çoxu yüksək post tutur.
Qeyd etmək lazımdır ki, gömrük sistemində naxçıvanlılar, nehrəmlilər S. Mehdiyevin sədrliyindən əvvəl də çalışıb. Amma S.Mehdiyev rəhbər gətirildikdən sonra demək olar ki, yalnız nehrəmlilər işə götürülüb.
Bununla bağlı maraqlı bir məqamı da qeyd edək. S.Mehdiyevə qədər Gömrük Akademiyasının binasında gömrük kursları fəaliyyət göstərib. Kursa əslən Naxçıvandan olan Kamil Eyyubov rəhbərlik edirmiş. Bu kurslarda Gömrük Akademiyasına tələbələr hazırlayır, əksəri də işlə təmin olunurmuş. S.Mehdiyev sədr postuna oturan kimi kursları ləğv edib. Sədrin adından K. Eyyubova çatdırılıb ki, komitəyə yalnız nehrəmli lazımdır, onlardan isə imtahan tələb olunmur.
Nehrəmli gömrükçülərdən 5-i generaldır: general-polkovnik Səfər Mehdiyev, DGK Akademiyasının rəisi Qulu Novruzov, DGK sədr müavini, general-leytenant Əsgər Abdullayev, general-mayor Kənən Məmmədov və həbs olunmuş general-mayor Məsum Rəsulov.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) DGK-də bir neçə dəfə əməliyyatlar aparıb.
Əməliyyatlar nəticəsində Komitənin generalları, vəzifəli şəxsləri saxlanılıb.
Baş verənlərdən sonra Prezident İlham Əliyev DGK sədri S. Mehdiyevi vəzifəsindən azad edib.
Həmçinin, DGK-də Hesablama Palatası tərəfindən maliyyə yoxlamaları da aparılır.
Qurumdan Bakupost.az -a bildirilmişdi ki, hazırda yoxlamalar davam edir, nəticəsi barədə məlumat veriləcək.