Saytımızı qiymətləndirin


 
 

Dastana dönmüş bir Səs!
Tarix: 16-07-2022 | Saat: 17:02
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Xudayar Yusifzade — Xudayar təsnifi (Vətən yaxşıdır) - YouTube
Dastana dönmüş bir qəhrəmanlıq, bir ömür! Neçə vaxtdır bu Səs alıb ağuşuna aparır bizi. O qədər uzaqlara ki, bir təbəssümün arxasındakı kədər bizi tilsimə salıb təbəssümə yuvarladır. Nə qədər təzad var!
Səsin sehri gah göz yaşına qərq etmiş gah da çöhrəmizə xəfif bir toxunuş edib kövrək qəlbimizi ovundurmuş kimi edir. Nur yağan, təbəssüm saçan bir igidin yoxluğuna necə inanasan? Düşünürsən hardasa yaxınlardadan gəlir səsi. Sadəcə yüksək bir dağ döşünə çıxıb dağın zirvəsinə can atır. Dincini alıb, dolu ürəyini boşaldıb, səsi ilə ruhları dincəldib yenidən dönəcək.
60 il bundan əvvəl yazılmış musiqi, söz sanki Xudayar Yusifzadə üçün yazılıbmış. Onun tale yolu, alın yazısı məhz bu şeirin sözlərindəki kimi yaşanacaqmış. Dumanlı dağların başına qalxaraq özünə dumandan əbədi xeymə quracaq, ruhu orda sakin olacaq. Çox zaman taleyin bizə verdiyi işarəni anlamırıq, ya fərqinə varmırıq. Hansısa həyati bir epizodda bütöv ömrümüzü yaşayırıq. 23 illik qısa lakin şərəfli bir ömrü bu musiqi parçası bir dastana döndərdi. Hikmətə bax!
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar içində duman görünür.
Bir insan öz həyatının nəğməsini oxuyur.
Doğulandan 24 gün sonra atasını itirir. Doyunca ata mehri almır. Həyatı taleyin rənglərinə bölünür. Təzadlı olur. Gah əlvan rənglər, gah da tünd rənglər həyatı boyu onu təqib edir. Dəcəl, bir az da ərköyün böyüyür. Onun gözündən bir damla yaş belə axmasına qıymırlar. Hər istəyi yerinə yetirilir. İlk məktəbə qədəm qoyduğu gün evə qayıdanda ağlayaraq istədiyi hərbi kostyumu nənə alıb hazırlayır. Bəlkə elə şəhidlik yazısı o anda yazılır?
Musiqi məktəbinə qəbul olur. Axı üzünü görmədiyi, səsini eşitmədiyi atası da musiqiçi idi. Gözəl avazı formalaşır. Həyatına əlvan rəng qatılır. Böyüyür,əsgər gedir. Evə arzularıyla dönür. Ailəsinə kömək edib arxa duracaq, təminatında yardımçı olacaq.
Gələrkən evlərinin yanıb kül olduğunu görür. Həyat rəngi yenə tündləşir. Baba himayə edir sahib çıxır. Mühafizəçi işləməyə başlayır. Müdirin kobud hərəkətinin qarşısında əyilmir.
İşini itirir. Bunun şahidi olan təsadüfi şəxsdən “Bizə sənin kimi oğlanlar lazımdı” deyib iş təklifi alır. Sevinə-sevinə Sərhəd Qoşunlarına yollanıb sərhədçi olur. Taleyinin yoluna yolçuluğa çıxır. Bu yol onu şəhadətinə yaxınlaşdırır-özü də bilmədən. Uşaqlıq arzusu yerinə yetir. Əlvanlanır, rənglənir həyatı.
2020-ci ilin Tovuz döyüşləri zamanı general-moyor Polad Həşimovun şəhid olması minlərlə Azərbaycan gəncinin həyatında dönüş yaratdlğı kimi Xudayar Yusifzadənin də həyatını dəyişir. İntiqam hissi onu könüllü olaraq Bərdə Hərbi Komissarlığına, düşmənlə açıq mübarizəyə müraciətinə səbəb olur. 27 sentyabr Azərbaycan gənclərinin həyatını dəyişən təqvim oldu.
İkinci Vətən Müharibəsi-igidlik,ərənlik savaşı başlanır. Xudayar Yusifzadənin döyüş yolu Murovdağdan başlayır. Zəngilan,Fizuli,Qubadlı,Kəlbəcər,Hadrut döyüşlərində iştirak edir. Çətin şəraitdə, ağır döyüşlərdə onun çöhrəsi, təbəssümü solmur. Gülümsəyərək batan yanaqlarında müharibənin dəhşətlərini, gözü qarşısında həyatlarını itirən yoldaşlarının yoxluğunu gizlədir, faciələri gözlərinin dərinliklərində basdırır. Hadisələr o qədər sürətlə cərəyan edir ki, geriyə baxmağa macal tapmır. Döyüş əzmi, qələbə arzusu həyat amalına çevrilir. Həyatı bahasına olsa belə.
Dostları nə qədər yorğun olsalar da Xudayarın pozitiv enerjisinin sayəsində döyüşlərə yeni enerji ilə qoşulurlar. Bu gəncin çöhrəsi ancaq nur saçır, ətrafına da eyni enejini ötürürdü. Hər döyüşdə silah əlində musiqiylə addımlayırdı. Ona ruh verən, əzm verən bəlkə də ovudan, yoldaşlarını da öz arxasınca aparan elə dilindəki musiqiləri olur. Amma bir musiqi bir nəğmə var ki, özü ilə birgə dastan yazdı. Həm öz həyatının həm də bu nəğmənin dastanını. Hər ikisi yenidən doğuldu.
Xudayar Yusifzadə oktyabrln 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətindəki döyüşdə şəhid olur.
Xudayar hardan biləydi ki, şəhadətindən iki gün əvvəl telefonunu yaddaşına yazdığı Əliağa Vahidin “Vətən yaxşıdır” şeirinə Əlibaba Məmmədovun bəstələdiyi təsnif dillər əzbəri olacaq? Adını, ünvanını, məzmununu dəyişəcək “Xudayar təsnifi” nə çevriləcək? Ruhu canından can alınan dağların qayalıqlarında, dumanla örtülmüş yüksəkliklərdə əbədi məskən salacaq?
Dastana dönmüş bir ömür dillər əzbəri oldu. Təsnifə, həqiqi həyat hekayəsinə, tarixə döndü. Yaşadı, yaşatdı! Nura, əbədi işığa dönüb sonsuzluğa köçdü-“Ba(x) belə” deyərək!

Rena İbrahimova



Xəbəri paylaş

1428 dəfə oxunub.

Digər xəbərlər