Saytımızı qiymətləndirin


 
 

Britaniyada Baş nazir postu uğrunda mübarizə - 8 namizəd yarışır
Tarix: 13-07-2022 | Saat: 21:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Britaniya parlamentində çoxluq təşkil edən Mühafizəkarlar Partiyasının sədri və ölkənin Baş nazir postu uğrunda yarış davam edir. Səsvermənin birinci turunda 8 namizəd iştirak edir.

 

Qarabaginfo.az xəbər verir ki, ilk səsvermə bu gün baş tutacaq.

 

Daha sonrakı səsvermələrdə bu namizədlərin sayı azalacaq və sentyabrın 5-də Britaniyanın növbəti baş nazirinin kim olacağı müəyyənləşəcək.

 

Səsvermədə iştirak edən namizədlər aşağıdakılardır:

 

1152135Rişi Sunak

 

42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak səsvermənin favorit namizədlərindən hesab olunur. O, 2020-ci ilin əvvəlində maliyyə naziri təyin edilib, koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərin öhdəsindən gəlməyə çalışıb və bir çox ekspertlərə görə uğurlu olub. Onun namizədliyini rəqibləri ilə müqayisədə daha çox deputat dəstəkləyib. Lakin iyulun 5-də Boris Consonu istefa verməyə məcbur etmək üçün kampaniyaya başlamasından sonra bəzi Mühafizəkar deputatlar onun sədaqətini şübhə altına alırlar. Onun fiskal siyasətlə bağlı sərt mövqeyi də tənqid edilir.

 

1152136

Penni Mordont

 

Devit Kameron və Tereza Mey hökumətində müxtəlif vəzifələr tutan Penni Mordont 2019-cu ildə müdafiə naziri vəzifəsinə təyin edilib. Cəmi 85 gün müdafiə naziri olan 49 yaşlı xanım Mordont bu vəzifəyə təyin edilən ilk qadın idi. Britaniyanın Avropa İttifaqından çıxmasının sərt tərəfdarlarından olan Penni Mordont “Brexit” və COVID pandemiyasının yaratdığı iqtisadi çətinliklərin öhdəsindən gəlməyi hədəfləyir.

 

1152138Liz Trass

 

Hazırda Britaniyanın xarici işlər naziri vəzifəsini icra edən Liz Trass hökumətdə çox yaxşı təcrübəyə malikdir. O, Ukrayna müharibəsi zamanı xarici işlər naziri vəzifəsində çalışıb və ondan əvvəl “Brexit”dən sonrakı çətin dövrdə ticarət sövdələşmələri üzrə danışıqlara cavabdeh olub. 46 yaşlı xanım Trassın vergilərin azaldılması vədləri də seçiciləri cəlb edə bilər. Xanım Mühafizəkarlar partiyasının öndə gedən üzvlərinin dəstəyini qazanmağı bacarıb. O, əvvəllər “Brexit” prosesinin əleyhinə olsa da, 2016-cı ildə keçirilən referendumdan sonra fikrini dəyişib.

 

1152139

Kemi Badenok

 

42 yaşlı qatı “Brexit” tərəfdarı Kemi Badenok Londonda anadan olub. Bir müddət Nigeriya və Amerikada yaşadıqdan sonra 16 yaşında Londona qayıdıb. Xanım Badenok Britaniya hökumətində bir sıra vəzifələrdə çalışıb, lakin heç vaxt hökumət kabinetində təmsil olunmayıb.

 

1152140

Tom Tuqendat

 

Britaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Tom Tuqendat nazirlər kabinetində təmsil olunmayıb və hökumət təcrübəsi azdır. O, Əfqanıstanda və İraq ordusunda xidmət edib, orada gördüyü işlərin bir çoxu məxfidir. Daha sonra sürətlə yüksələrək müdafiə qərargahı rəisinin hərbi köməkçisi olub və polkovnik-leytenant rütbəsi ilə təqaüdə çıxıb. 49 yaşlı keçmiş hərbçi Consonun partiya daxilində sərt tənqidçilərindən biri hesab olunur. O, ötən il qüvvələrin Əfqanıstandan xaotik çıxarılmasını və əvvəlki hökumətlərin Çinlə əlaqələr qurmasını tənqid edib. Ekspertlər düşünür ki, Britaniyanın Avropa İttifaqından çıxmasının əleyhinə olan Tom Tuqendat Mühafizəkarlar partiyasının deputatlarına xoş gəlməyəcək.

 

1152141Ceremi Hant

 

55 yaşlı keçmiş xarici işlər naziri Ceremi Hant 2019-cu ildə liderlik yarışmasında Consondan sonra ikinci olub. O, Britaniya parlamentinin İcmalar Palatasında səhiyyə komitəsinə rəhbərlik edir. 2015-ci ildə səhiyyə naziri olub və orada qazandığı təcrübəni komitə rəhbəri olaraq pandemiya zamanı istifadə edib. 55 yaşlı texnokrat vergi endirimləri, o cümlədən korporasiya vergisini 15%-ə endirəcəyini vəd edib. Hant 2016-cı il referendumundan əvvəl Avropa İttifaqında qalmağı dəstəkləyib.

 

1152142

Suella Braverman

 

Xanım Braverman 2020-ci ildən baş prokuror vəzifəsini icra edir. “Brexit” və parlamentin suverenliyi məsələsində sərt mövqedən çıxış edən 42 yaşlı namizəd İnsan Hüquqları üzrə Avropa Konvensiyasını tərk edəcəyini və Şimali İrlandiya protokolunu (Protokol Böyük Britaniyanı təşkil edən İngiltərə, Uels və Şotlandiyadan Şimali İrlandiya üçün nəzərdə tutulan malların gömrük rəsmiləşdirilməsi tələbini böyük ölçüdə ləğv edib. Bununla da Şimali İrlandiyada qalacaq mallar gömrük nəzarətinə ehtiyac olmadan “yaşıl zolaq” vasitəsilə daşına biləcək. Avropa İttifaqı Protokolun imzalanmasına qarşı çıxırdı – red.) parça-parça edəcəyini vəd edib. Bu vədlər bir çox hüquqşünaslar tərəfindən tənqid edilir. Onun qalib gəlmə şansı çox azdır.

 

1152143

Nədim Zəhavi

 

Maliyyə naziri Nədim Zəhavi bu vəzifəyə təyin edildikdən qısa müddət sonra Consonu istefaya çağırıb. Zahavi ingilis dilini bilməyən qaçqın kimi 11 yaşında Səddam Hüseyn İraqından Britaniyaya gəlib. Babası mərkəzi bankın qubernatoru, atası böyük iş adamı olub. Britaniyanın ən nüfuzlu sorğu təşkilatlarından biri olan “YouGov” mərkəzinin qurucusudur. 55 yaşlı Zəhavi deyir ki, Britaniyada vergi yükü çox yüksəkdir və baş nazir seçiləcəyi təqdirdə fiziki şəxslər, ailələr və biznes üçün vergiləri azaldacaq. O, Aİ-dən çıxmağı dəstəkləyib.(Modern.az)



Xəbəri paylaş

1178 dəfə oxunub.

Digər xəbərlər