“Doğrudan da, bu gün İsveç və Finlandiyanın NATO-ya mümkün qoşulması ilə bağlı Rusiya tərəfindən ciddi şəkildə təhdidlər var”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
O, Böyük Britaniya kəşfiyyatı “MI6”-nın ortaya atdığı “Rusiyanın Ukraynadan sonrakı hədəfləri Skandivaniya ölkələri ola bilər” iddiasına münasibət bildirib.
Z.Məmmədov vurğulayıb: “Moskvada açıq şəkildə deyirlər ki, bunun nəticəsi olaraq Rusiya tərəfindən hərbi addımların atılmasına da yol verilə bilər. Çünki onlar istəmirlər ki, NATO-nun raketləri Moskva və Sankt-Peterburqu hədəfləsin.
Nə qədər paradoksal səslənsə də, biz Ukrayna hadisələrində də eyni ssenarinin şahidi olduq. Ancaq bu gün faktiki olaraq görürük ki, Ukraynada NATO ilə ABŞ-ın hücum silahları və raketləri Moskvaya daha yaxındır, nəinki İsveç və Finlandiyadan silahlar tuşlansa. Yəni bütün bunlar onu göstərir ki, anqlosakson dünyası öz hədəflərinə çata bildi və həm Rusiyanı, həm də Ukraynanı tora salaraq hədəflərini çox effektiv şəkildə həyata keçirdi”.
Politoloq düşünür ki, Skandinaviya ölkələri bu adıdmı atmağa məcbur qalıblar:
“İndi isə Skandinaviya məsələsi ortadadır. İkinci Dünya müharibəsindən sonra uzun müddət idi ki, həm İsveç, həm də Finlandiya neytrallığını saxlayaraq, əslində, öz dövlət təhlükəsizliklərini qoruyurdular. Lakin Ukrayna məsələsi göstərdi ki, NATO-ya üzv olmadan həmin ölkələrin təkbaşına müdafiə olunması bir sıra çətinliklərə gətirib çıxara bilir. Ona görə də həm Finlandiya, həm də İsveç NATO-ya qəbul olunmasının təcili şəkildə əsas hədəf olması barəsində çıxışlar etdilər”.
Türkiyənin bu mövzudakı münasibətinə toxunan mütəxəssis deyib:
“Türkiyənin də bu məsələdə fikri hər kəsə məlumdur. Türkiyə bir şərtlə buna razı olacağını bildirmişdi. O İsveçin terrorçuluğa - PKK-ya verdiyi dəstəkdən əl çəkməsi idi, o cümlədən Finlandiyanın da. Lakin çox təəssüflər olsun ki, biz onu gördük ki, həmin ölkələr PKK-ya dəstəkdən əl çəkməyəcəklərini bildirlər”.
“Uzun sözün qısası, doğrudan da, Rusiyanın Skandinaviya ölkələrinə hərbi hücum təhdidi var, amma mən hesab etmirəm ki bu, reallaşacaq. Çünki indiki məqamda Rusiya üçün əsas məqam Ukraynadadır və Ukraynadan sonra Mərkəzi Asiyada və Şimali Qafqazda Rusiya güclənmək haqqında düşünəcək. Onlar çox yaxşı başa düşür ki, Finlandiya və İsveçə olan hücum heç də yaxşı nəticə verməyə bilər. Bu, artıq bir sıra digər problemləri də yarada bilər. Çünki İsveç və Finlandiya Ukrayna deyil, eləcə də ABŞ-ın, Böyük Britaniyanın, ümumilikdə isə Avropanın onlara münasibəti Ukrayna ilə münasibətdə qat-qat fərqlənən məsələdir”, - deyə müsahibimiz yekunlaşdırıb.