Tarix: 27-05-2022 | Saat: 17:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər.
Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.
“Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada, Avropada təcrübə var. İndi Avropada müxtəlif konvensiyalar var. Həm Avropa Şurası ölkələri bu konvensiyalara qoşulublar, həm Avropa İttifaqı ölkələri çərçivəsində qaydalar və rəsmi sənədlər var. Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend, yəni, meyil məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında.
O ki qaldı ermənilərin Azərbaycanda yaşamasına, bu tarixi də hər kəs yaxşı bilir. Rus-İran müharibəsindən sonra XIX əsrin əvvəllərində İrandan və Şərqi Anadoludan ermənilər kütləvi surətdə köçürülüb və Azərbaycanda, Qarabağda məskunlaşdırılıb. Bunu biz hamımız yaxşı bilirik. O ki qaldı, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına, onun da heç bir əsası yox idi. Bu, qanunsuz bir addım idi, sadəcə olaraq, bir saat bombasını Azərbaycanın canına yerləşdirmək, istənilən an onu partlatmaq və xalqımızı məhv etmək məqsədi daşıyırdı. Heç bir əsası yox idi ki, orada hansısa bir muxtar vilayət yaradılsın. Özü də Şuşanı da salmışdılar onun içinə”, - dövlət başçısı qeyd edib.
Digər xəbərlər