Tarix: 27-05-2022 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ötən aydan Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə hər gün aksiya keçirən erməni müxalifəti 28 may tarixinə “ümumerməni mitinqi” elan edib.
Qarabaginfo.az xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri İşxan Saqatelyanın rəhbərlik etdiyi və əsasən Robert Köçəryan və Serj Sərkisyanın “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları üzvləri və onların yaxınlarının qatıldığı aksiya 28 mayı “xüsusi gün” kimi müəyyənləşdirib. İndiyə qədər yalnız bircə dəfə - 2 mayda etirazçıların sayını 14 minə qaldırmağı bacaran müxalifətin heç olmasa, “öz rekordunu” yeniləməyə çalışacağı iddia olunur.
Əhalinin bu aksiyalara münasibəti birmənalıdır: Sərkisyan və Köçəryana nifrət aksiyaların kütləviləşməsinə imkan vermir. “Qarabağ kartı”ndan da istifadə və milli hissləri qızışdırmaq nəticəyə təsir etmir – “revanşistlərin” metro vaqonlarına, divarlara, liftlərə yapışdırdığı keçmiş “dqr”in əski parçasını ermənilər özləri sökürlər.
Bütün hallarda Ermənistan daxilində gedən siyasi proseslər bu ölkənin öz işidir. Ancaq Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyanın Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Xankəndi şəhərinə “mitinq təyin etməsi” ciddi məsələdir. Belə ki, Saqatelyan sabah 18:00-da Xankəndidə də aksiya keçiriləcəyini bildirib.
Rus sülhməramlıları erməni revanşistin və sülh sazişinə qarşı bir aydan çoxdur aksiya keçirən şəxsin Xankəndidə mitinq təyin etməsinə necə yanaşır və necə reaksiya verəcək? Bu mitinqlərin təyinatı sosial deyil, sülh də deyil - əksinə, Azərbaycanla sərhəd xəttinin müəyyənləşməsi, kommunikasiyaların açılması və sülh sazişinin hazırlanması təşəbbüslərinə qarşıdır. O təşəbbüsləri dəstəkləyənlərdən biri olduğunu elə Rusiya bəyan edir. Bəs, başqa bir ölkənin deputatının digər ölkədə müharibəyönlü və destruktiv aksiya təyin etməsi kimi qanunsuzluğuna sülh missiyasını yerinə yetirən Rusiya komandanlığı necə razı ola bilər?
Sabah öyrənəcəyik...
Digər xəbərlər