“Delimitasiya və demarkasiya prosesi ümumi post-konflikt vəziyyətinin bir elementidir və onun özünəməxsus xüsusiyyətləri var. Heç kim gözləmir ki, bu proses qısa müddətdə baş verəcək”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.
Belə ki, Brüssel görüşündən sonra delimitasiya komissiyalarının yaradılması və artıq ilk iclasın baş tutması fonunda regionda müşahidə olunan siyasi fəallığı şərh edən Tofiq Zülfüqarov Ermənistanın bu məsələdə aktivlik nümayiş etdirməsinin səbəblərinə də aydınlıq gətirib:
“Amma nəyə görə Ermənistan və onun havadarları israrlıdırlar ki, delimitasiya prosesi tez baş versin? Məhz ona görə ki Ermənistanın əsas strategiyası ondan ibarətdir ki, sovet dövründə olan sərhədlərini bu və ya digər formada təsbit etsin, ondan sonra yaxud buna paralel olaraq Qarabağ mövzusunda köhnə siyasətini davam etdirsin. Bu siyasət isə ondan ibarətdir ki, onların ərazi iddiaları hələ də səslənməkdədir”.
Sabiq nazirin sözlərinə görə, Brüssel görüşündən sonra “status”, “Dağlıq Qarabağ” ifadələri işlədilməsə belə, məzmun baxımından heç nə dəyişməyib:
“Çünki onların istəyi Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsində söz sahibi olmaqdır. Əgər bunun məntiqinə nəzər salsaq görəcəyik ki, status istəyi bu məsələdə mövcuddur. Bu baxımdan delimitasiya və demarkasiya texniki proses olsa da, hal-hazırda siyasi əhəmiyyət kəsb edir”.
Tofiq Zülfüqarov əlavə edib ki, Ermənistan ərazi iddiaları siyasətini davam etdirməkdə israrlıdır və həm Moskvadan, həm də Brüsseldən ona dəstək mövcuddur:
“O zaman sual yaranır ki, Azərbaycan cavab olaraq nə edə bilər? Bu zaman yeganə taktiki variant ondan ibarət olacaq ki, rəsmi Bakı Zəngəzur mövzusunu gündəmə gətirsin. Ya biz Ermənistanın davranışlarına uyğun olaraq sovet dövründəki ərazilərini tanıyacağıq, ya da onların ərazi iddialarına cavab olaraq Zəngəzur məsələsini irəli sürəcəyik”.