Saytımızı qiymətləndirin


 
 

Sabahdan maska tələbi ləğv edilir - Yoluxma yenidən artacaq?
Tarix: 30-04-2022 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən 1 maydan maska məcburiyyəti aradan qalxacaq. Buna baxmayaraq, səhiyyə naziri Teymur Musayev məcburiyyət olmasa da, maska taxmağı tövsiyə edib.

Qapalı məkanlarda maska tələbinin ləğvi virusun yenidən alovlanmasına səbəb ola bilərmi?

Bu barədə Qarabaqinfo.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, bütün dünyada koronavirus və onun mövcud olan ştamlarının əksəriyyəti səngiyib:

"Bütün inkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda insanların əksəriyyəti peyvənd olunub, bir çoxu virusa yoluxub. Hətta elələri var ki, iki dəfə yoluxub, bəziləri də 3-4 dəfə peyvənd olunub. Buna görə maska qadağasının ləğvi heç bir problem yaratmayacaq. Bu virus qrip dediyimiz kəskin respirator xəstəliklərlə eyni olacaq. Qrip virusu ilk dəfə peyda olan çox böyük epidemiyalar, böyük insan tələfatı yaşanıb. Bundan sonra  vaksin olduqca, insan bədəni virusa alışdıqca virus adiləşib. Məlum olduğu, kimi insanın immun sistemi zəif olanda hətta əvvəlki viruslardan da ağır xəstələnmələr olur. Səhiyyə Nazirliyinin əvvəlki illərdəki siyahısına baxsanız, bunu görərsiniz".

 

Deputat deyib ki, koronavirus insanlara epidemiya törədəcək viruslara qarşı ciddi gigiyena qaydalarına əməl etmək vərdişi yaradıb:

"İnsanlarda eyni zamanda, tibb mədəniyyəti də formalaşdı. İnsanlar niyə ağız-ağıza dayanmalıdır? İnsanlar məsafədən dayanmalıdır. Koronavirus xəstəliyi olmasa belə, başqa xəstəliklər ola bilər. Məsələn, vərəm xəstəliyinin özü həm çox təhlükəli xəstəlikdir, digər tərəfdən o da insanlarla sıx təmasda olmaqla yayıla bilər”.

M.İbrahimqızının sözlərinə görə, maska tələbi ləğv edilsə də, insanlar ehtiyatlı olmalıdırlar:

“Maska taxmamaq o demək deyil ki, insanlar sıx təmasda olsunlar, sosial məsafəni qorumasınlar. Hesab edirəm ki, maska götürüldükdən sonra da insanlar şəxsi gigiyenasını qorumalıdır. Zərurət olmadıqca, izdihamlı yerlərə getməsinlər. İnsanda səhiyyə mədəniyyəti yaranmalıdır. Bu iki ildən artıq davam edən pandemiya dövrü insanlarda özünü qorumaq mədəniyyəti yaratdı. İnsanlar öz sağlamlığına, eləcə də ailə üzvlərinin sağlamlığının qorunması naminə məsuliyyətli olmalıdırlar. Elə adamlar oldu ki, xəstəliyi keçirmədi, ancaq daşıyıcı oldu. Mən həmişə deyirəm insan silahla öldü, ya virusa yoluxub öldü, fərqi yoxdur, eynidir. Sevinirəm ki, maska məcburiyyəti aradan qalxır. Amma insan tək pandemiya dövründə yox, hər zaman qorumalıdır".



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər