Tarix: 15-04-2022 | Saat: 12:57
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıqla mübarizə fəaliyyətləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Qarabaginfo.az-a verilən məlumata görə, aprelin 13-də DSX Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.
Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaçıblar. Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər xəbərlər