Saytımızı qiymətləndirin


 
 

Ekspert: “Bir neçə ildən sonra çağırışçılara ehtiyac qalmayacaq”
Tarix: 13-04-2022 | Saat: 17:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərdi. Qəhrəman hərbçilərimiz Ali Baş Komandanın rəhbərliyi ilə düşmən qüvvələrini darmadağın edərək tarixi qələbə qazandılar, bununla da Qarabağın 30 illik işğalına son qoyuldu.

Postmüharibə dövrünə qədəm qoymağımıza baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, maddi-texniki bazanın yenilənməsi prosesi davam etdirilir. Dünyanın ən güclüləri sırasında yer alan ordumuzun inkişafı Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Belə ki, ötən gün hökumətin müşavirəsində çıxış edən dövlət başçısı ordunun daha da gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib: 

“Biz öz hesabımıza yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna nə qədər pul lazımdırsa, o qədər də ayıracağıq”.

Ordu quruculuğu ilə bağlı hədəflər nədən ibarətdir? Hansı yeniliklərin şahidi olacağıq?

Bu barədə Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan torpaqlarını işğaldan azad etsə də, ordu daim hazır vəziyyətdə olmalıdır.

“44 günlük Vətən müharibəsində qələbə əldə etmişiksə, bu o demək deyil ki, biz sakitləşməliyik. Dünyada baş verən proseslərin fonunda biz hər zaman fors-major hadisəyə hazır olmalıyıq. Həm cənub, həm də şimal istiqamətində kifayət qədər təhlükə mövcuddur. Ona görə də Prezidentin “biz heç vaxt işğalı unutmamalıyıq və həmişə hazır olmalıyıq” ifadəsi o anlama gəlir ki, bundan sonra da ordunu ən yüksək hazırlıq səviyyəsində saxlamaq lazımdır”.

Ekspertin sözlərinə görə, bundan sonrakı mərhələdə Azərbaycan Ordusunun inkişafı üçün kifayət qədər vəsait ayrılmalıdır:

“Azərbaycanın Ermənistan kimi nankor qonşusu və ona şərait yaradan havadarları var. Buna görə də Azərbaycan Ordusuna kifayət qədər vəsait ayrılması vacibdir. Ordumuz 21-ci əsrin tələblərinə cavab verən ordular səviyyəsində olmalıdır. Ən müasir silahlar, avadanlıqlar alınmalıdır. Bu gün Ukraynada gedən müharibənin fonunda biz baxmalıyıq ki, hansı silahlar real müharibə şəraitinə uyğundur. Həmin silahları təchiz etməyi hədəfləməliyik. Rusiya istehsalı olan, keçmiş postsovet məkanında ərsəyə gələn texnikalardan azad olmaq lazımdır. Bunlar yalnız təlimlərdə və kiçik tapşırıqların yerinə yetirilməsində istifadə olunmalıdır. Amma Azərbaycanın gələcəyi üçün, 10-15 illik perspektiv üçün biz reallığı nəzərə alıb, ən müasir silahlara yiyələnməliyik. Bu gün Amerikanın, Böyük Britaniyanın, Kanadanın müraciət etdiyi ölkələr var ki, orada hər il hərbi sərgilər keçirilir. O cümlədən Azərbaycanda da belə sərgilər təşkil olunub. O sərgilərdə çıxış edən həm müdafiə naziri, həm də güc strukturlarının rəhbərləri baxmalıdırlar ki, bizim ölkəyə, ordumuza lazım olan hansı silahlar var. Bu zaman tapançadan tutmuş avtomata, dəbilqədən tutmuş zirehli gödəkçəyə, həmçinin əsgər və zabitlərin ayaqqabısı, alt və ya üst paltarlarına qədər hamısının diqqətə alınması vacibdir. Çünki bölgəmiz elədir ki, iqlim şəraitinin də müəyyən təsirləri olur. Biz bu məsələni unutmamalıyıq. Bir sözlə, ən müasir silahlarla yanaşı, hərbi qulluqçuların tapşırıqları yerinə yetirərkən əyin-başını da nəzərə almalıyıq”.

Hansı silahların alınması məsələsinə gəlincə ekspert deyib: 

“Sözsüz ki, ən müasir silahları almalıyıq. Elə silahlar almalıyıq ki, həm havada, həm quruda, həm də suda verilən tapşırığın yerinə yetirilməsini təmin edə bilsin. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bizim 44 günlük haqq savaşımızda, o cümlədən Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində gördüyümüz silahlar Azərbaycanın prioriteti olmalıdır. Yəqin ki, bu istiqamətdə də addımlar atılacaq”.

Ü.Cəfərov həmçinin işğaldan azad olunmuş ərazilərdə komando hərbi hissələrinin yaradılmasının əhəmiyyətindən də söz açıb və gələcəkdə çağırışçılara ehtiyac qalmayacağını vurğulayıb:

“Bu, daha çox Türkiyə modelidir. Hadrutda hərbi hissənin açılışında Ali Baş Komandan özü şəxsən iştirak etdi və komando hissələrinin əhəmiyyətini diqqətə çatdırdı. 

Məncə, 10 ümumqoşun hərbi hissəni saxlamaqdansa, ən yüksək məvaciblə, təminatla beş komando hərbi hissəsini saxlamaq daha əlverişli olar. Komando hərbi hissələrində şəxsi heyətin hamısı peşəkarlardan ibarətdir. Bu gedişlə mən belə başa düşürəm ki, bir neçə ildən sonra çağırışçılardan azad olacağıq. Yəni 18 yaşlılar Türkiyədə olduğu kimi qısa müddətdə öz xidmətlərini yerinə yetirmiş olacaqlar. Çünki silahlı qüvvələrimiz peşəkar orduya keçəndən sonra heç 18 yaşlı çağırışçılara o qədər də ehtiyac olmayacaq. Biz tədricən çağırış sistemindən imtina etməyə məcbur olacağıq. Onları çağırsaq da, yalnız qardaş Türkiyədəki kimi bir həftəlik, yaxud üç aylıq çağıracağıq. Bu da ona görə olacaq ki, həmin şəxslər müəyyən hərbi vərdişlərə, biliklərə yiyələnsinlər. Mənə elə gəlir ki, bir neçə il sonra bir il altı ay müddətinə xidmət aparan çağırışlara ehtiyac qalmayacaq”.



Xəbəri paylaş

236 dəfə oxunub.

Digər xəbərlər