Saytımızı qiymətləndirin


 
 

Maliyyə naziri: "Ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilib"
Tarix: 13-04-2022 | Saat: 00:24
Bölmə:Karusel / Siyasət | çapa göndər

Samir Şərifov: Maliyyə təminatının yaradılması mühüm məsələ kimi qarşıya qoyulub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

"2022-ci ilin birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlərin davam etdirilməsi kimi qiymətləndirilə bilər".

Qarabaginfo.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

"Ötən ilin sosial-iqtisadi yekunları göstərmişdi ki, Vətən müharibəsində böyük Qələbədən sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz qüvvələrini səfərbər edərək iqtisadiyyatda böyük irəliləyişə nail olmuşdur. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə tutulan artım artıqlaması ilə icra edilmişdir, yəni, 2,2 faiz artıq, 3,4 faizin əvəzinə 5,6 faiz. Bu ildə də biz bu tendensiyanın davamını görürük. Həmin bu müsbət meyillər dövlət büdcəsinin cari ilin birinci rübündəki göstəricilərində də özünü büruzə vermişdir. Birinci rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri 7 milyard 10 milyon manat təşkil etmişdir.

Onu da qeyd etmək istərdim ki, daxilolmalar üzrə proqnoz göstəriciləri Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə isə 236 milyon manat və yaxud 23,7 faiz üstələməklə icra edilmişdir. Sosial sığorta haqları üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41 milyon manat icra təmin edilmişdi.

Qeyd etməliyəm ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin artması ilə bağlıdır. Ümumiyyətlə, qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil etmişdir. Belə vəziyyətdə Dövlət Neft Fondunun dövlət büdcəsinə nəzərdə tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2 milyard 757 milyon manat icra olunmuşdur, yəni, 423 milyon manat az. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin icra göstəriciləri olduqca yüksək idi", - Nazir qeyd edib.

Samir Şərifov vurğulayıb ki, birinci rüb üzrə büdcənin xərclərinin icrası adətən o qədər yüksək olmur: "Amma cari ildə bu, 99 faiz olmuşdur. Hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 faiz icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır.

Qeyd etmək istərdim ki, Qarabağın yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunmuşdur. Dövlət əsaslı vəsait qoyuluşu proqramının icrası da təxminən eyni faiz nisbətində təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin tapşırıqlarınızın icrası təmin olunmuşdur.

Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində, əsasən də dünyadakı ərzaq problemləri ilə əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait ayrılmışdır. Bu da kənd təsərrüfatı sahəsinə müəyyən əkin subsidiyalarının verilməsi ilə bağlıdır. Büdcənin icrası ilə bağlı bu qədər".



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər