Tarix: 04-03-2020 | Saat: 11:48
Bölmə:Karusel / Dünya | çapa göndər
Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviç fevralın 16-da Mərkəzi Seçki Komissiyasının önündə deputatlığa namizədlərin keçirdiyi askiya ilə bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edib.
“Qarabinfo”nun verdiyi xəbərə görə, D.Miyatoviç mitinqlər üçün təşkilatçılara şəhərdən kənar yerlərin göstərilməsi, mitinq zamanı nümayişçilərə güc tətbiq edilməsi və aksiya iştirakçılarının şəhər kənarına aparılmasının səbəblərini soruşub.
Nazir Vilayət Eyvazov isə müraciətə cavab yazaraq bildirib ki, fevralın 11-də deputatlığa namizədliyini irəli sürmüş bir qrup şəxs növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz məqsədilə paytaxtın "28 May" metrostansiyasının qarşısındakı meydanda mitinq keçirəcəkləri barədə Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq ünvanlayıblar. Metropolitenin mühafizə zonalarında toplantıların "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndi ilə qadağan edilməsi nəzərə alınaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin müvafiq tədbirlər üçün xüsusi ayrılmış yerdə keçirilməsi təklif edilib və bu barədə təşkilatçılar yazılı məlumatlandırılıb:
"Lakin onlar həmin tarixdə mitinqin insanların sıx toplaşdığı və nəqliyyatın hərəkətinin intensiv olduğu Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşıblar. Bununla əlaqədar, fevralın 14-də təşkilatçılar Bakı şəhər Baş Polis idarəsinə dəvət edilib və qanunazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdar olunublar.
Qeyd edilənlərə baxmayaraq, 2020-ci il fevral ayının 16-da 120 nəfərədək şəxs Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında qanunsuz mitinq keçirilməyə cəhd göstərib, əhalinin istirahət hüquqlarını və nəqliyyatın normal hərəkətini pozan əməllərə yol veriblər. Bu səbəbdən ətraf ərazilərdə yaşayan vətəndaşlardan Daxili İşlər Nazirliyinin “Çağrı Mərkəzi”nə aramsız surətdə daxil olan şikayətlər nəzərə alınaraq həmin əraziyə polis cəlb edilib. Toplantının dayandırılması və dağılışmaq barədə “Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun 14-cu maddəsinə əsasən polisin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan aksiya iştirakçıları qanunsuz əməllərini davam etdiriblər. Göstərilənlərlə əlaqədar polis əməkdaşları tərəfindən mitinqin xüsusi aqressivliyi ilə seçilən bəzi iştirakçıları həmin ərazidən uzaqlaşdırılıb və xüsusi vurğulayırıq ki, saxlanılan və inzibati məsuliyyətə cəlb edilən olmayıb.
Polis tərəfindən mitinqi işıqlandıran jurnalistlərin sağlamlığına zərər vurulması ilə bağlı müraciətinizdə göstərdiyiniz hal isə ümumiyyətlə baş verməyib. Əksinə, bəzi jurnalistlər təmkinli davranan polis əməkdaşlarının öz funksiyalarını həyata keçirməsinə qəsdən maneçilik törədib, onları təxribata çəkməyə çalışıb, ancaq niyyətlərinə nail ola bilməyiblər.
Digər tərəfdən, iştirakçıların saxlanılmadığı və heç bir məsuliyyət tədbirinin görülmədiyi toplantının guya polis zorakılığı ilə müşayiət olunmasına dair fikirlərinizlə bağlı vurğulamaq istərdik ki, kütləvi tədbirlər zamanı asayişin qorunması, eləcə də insan və vətəndaş hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi böyük təcrübəyə malik bir qurumdur və bu istiqamətlərdə qanunla müəyyən edilmiş vəzifələr konkret standartlar və prosedur əsasında yerinə yetirilir. Eyni zamanda, Daxili İşlər Nazirliyi Avropadan olan həmkarları ilə daim sıx işgüzar təmasdadır və mütəmadi məlumat mübadiləsi aparır.
Müşahidələrimiz və konkret faktlar üzrə müqayisələr onu deməyə əsas verir ki, Azərbaycan polisinin toplantılar zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə gördüyü tədbirlər Avropa dövlətlərində asayişi mühafizə qurumlarının tətbiq etdiyi standartlara nəinki tam uyğundur, hətta bir sıra hallarda xidməti vəzifələrini yerinə yetirən əməkdaşlarımızın onlara müqavimət göstərən, qanuni tələblərinə tabe olmayan, qəsdən provakativ hərəkətlərə yol verən iştirakçılara qarşı nümayiş etdirdiyi təmkinlilik və dözüm nümunəvidir. Bütün bunlar isə - polisin peşəkarlıq səviyyəsinin göstəricisi və bu sahədə ixtisaslaşdırılmış davamlı təlimlərin nəticəsi kimi qeyd olunmalıdır.
Məlumat üçün bildirək ki, təkcə ötən il müxtəlif xarici ölkələrdə və respublikada təşkil olunan müvafiq tədbirlərə 16 mindən çox əməkdaşımız cəlb olunub və bu iş cari ildə də planlı surətdə davam etdirilir". "Qafqazinfo"
Digər xəbərlər