Saytımızı qiymətləndirin


 
 

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir milli layihə həyata keçirilir
Tarix: 27-03-2022 | Saat: 09:26
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cari ilin 25-27 mart tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 19 yaşayış məntəqəsindən (Astara, Bakı, Beyləqan, Biləsuvar, Cəbrayıl, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, İsmayıllı, Lənkəran, Masallı, Saatlı, Sumqayıt, Şirvan, Tovuz, Yardımlı, Yevlax, Zəngilan) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 8900 (səkkiz min doqquz yüz) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın (panel müzakirələr) keçirilməsinə başlanılmışdır.

Qarabaginfo.az xəbər verir ki, nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailəni təmsil edən 14 nəfər qız və 11 nəfər oğlanın iştirakı təmin olunmuşdur. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini cənab Teymur Babazadə və Lənkəran şəhər sakini 83 yaşlı ziyalı ailə başçısı Yaşar Məmmədov, psixoloq qismində “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının mütəxəssisi cənab Fərrux Əliyev, ekspert qismində isə Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.

Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında ailə, qadın, uşaq və gender məsələləri sahəsində bir çox mövzuların: “Azərbaycan xalqının zəngin millimənəvi dəyərləri və adət-ənənələri: multikulturalizm və multietnosluq, Azərbaycanda milli-mənəvi dəyərlər və müasirlik: qloballaşma və modernləşmə dövründə milli ailə dəyərləri, Azərbaycanda klassik və müasir ailə dəyərləri: Dəyişək, yoxsa qoruyaq? Nikahların və boşanmaların mövcud statistikası, Vulqar ənənələr (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) və onların doğurduğu sosial risklər, Əxlaq normaları: xüsusiyyətləri, növləri və nümunələri, Əxlaqi keyfiyyətlər –  insanlararası münasibətlər və reallıq, Hüquqi dövlətdə əxlaq və azadlıq məfhumları/prinsipləri, Ailə dəyərlərinin qorunmasında gender bərabərliyi – “Xoşbəxt ailə modeli”, Etik davranış qaydaları, Etika və gender: sosial-əxlaqi davranış tərzləri, Aidiyyəti qurumlara göndərilməkdən ötrü yeni ailə quran gənclərin və ya gənc ailələrin dağılmasının qarşısını almağa yönələn müvafiq təkliflər paketinin hazırlanması” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.

Tədbirin sonunda bütün iştirakçılara sertifikatların verilməsi, gənclərə ailə dəyərləri, əxlaq və etika normaları sahəsində müvafiq təqdimatların təqdim olunması nəzərdə tutulur.

Qeyd edək ki, 01 fevral – 01 may 2022-ci il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi respublikada ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək, habelə ailələrin dağılmasına səbəb olan müxtəlif amillərin (gənc ailələrə valideynlərin və digər qohumların yersiz müdaxilələri, boşanmalara rəvac verən aktuallığını itirmiş adətlər və s.) aradan qaldırılması istiqamətində profilaktik tədbirləri həyata keçirməkdən ibarətdir.

Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 37 müxtəlif yaşayış məntəqəsindən (Ağdaş, Ağstafa, Astara, Bakı, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Xanlar, İmişli, İsmayıllı, Qazax, Qəbələ, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Saatlı, Samux, Sumqayıt, Şəki, Şəmkir, Şirvan, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab) 85 nəfər gənc ərizəçi (58 nəfər qız və 27 nəfər oğlan) nəzəri-praktik konfransda iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 25 nəfəri (14 nəfər qız və 11 nəfər oğlan) tədbirdə iştirak etmək hüququ qazanmışdır.(Azad Şuşa)



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər