Tarix: 23-03-2022 | Saat: 21:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Qarabaginfo.az-ın məlumatına görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster II turda rusiyalı Daniil Dubovla qarşılaşıb. O, yenə qara fiqurlarla oynayıb. Görüş 26-cı gedişdə heç-heçə ilə yekunlaşıb.
Bu qrupun digər qarşılaşmasında isə ABŞ təmsilçisi Lenyer Domingeslə almaniyalı Vinsent Kaymer üz-üzə gəlir.
Məmmədyarov ilk turda Kaymerlə heç-heçə edib. Dubov isə Domingesə uduzub.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.
Digər xəbərlər