Ana Sayfa > Karusel / Gündəm > Şəhriyar Məmmədyarov FIDE Qran-prisində növbəti görüşünü keçirib
Şəhriyar Məmmədyarov FIDE Qran-prisində növbəti görüşünü keçirib23-03-2022, 21:46. Yazar: Admin |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib. Qarabaginfo.az-ın məlumatına görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster II turda rusiyalı Daniil Dubovla qarşılaşıb. O, yenə qara fiqurlarla oynayıb. Görüş 26-cı gedişdə heç-heçə ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında isə ABŞ təmsilçisi Lenyer Domingeslə almaniyalı Vinsent Kaymer üz-üzə gəlir. Məmmədyarov ilk turda Kaymerlə heç-heçə edib. Dubov isə Domingesə uduzub. Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq. Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək. Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək. Geri dön |