Tarix: 23-03-2022 | Saat: 18:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Rusiya Prezidenti Vladimir Putinin dayanıqlı inkişaf məsələləri üzrə xüsusi təmsilçisi Anatoli Çubaysın istefa verərək ölkədən getdiyi bildirilir. Bu haqda “Reuters” və “Bloomberg” mənbələrə istinadla xəbər verirlər.
Qarabaginfo.az xəbər verir ki, anonimlik şərtilə danışan mənbə “Reuters”ə Çubaysın ölkəyə qayıtmaq fikri olmadığını deyib. Çubays Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan istefa verən ən yüksək rütbəli vəzifəlidir.
“Bloomberg” vəziyyətdən agah iki nəfərə istinadla Çubaysın Putinin Ukrayna müharibəsinə qarşı çıxdığını yazır. 66 yaşlı Çubays 1990-cı illərin iqtisadi islahatçılarından biridir, Putin hökumətində qalaraq Qərb rəsmiləri ilə də əlaqələrini saxlayıb.
Kremlin sözçüsü Dmitri Peskovdan hələlik, məsələyə münasibət almaq mümkün olmayıb.
Azadliq.org yazır ki, Rusiyada 1990-cı illərin özəlləşdirmə prosesinin memarı kimi tanınan Çubays Putini Kremldə ilk dəfə işlə təmin edib, həmin onilliyin sonunda onun hakimiyyətə yüksəlişini dəstəkləyib. Putinin hakimiyyəti dövründə Çubays böyük dövlət şirkətlərində yüksək vəzifələr tutub. Ötən ilsə Putinin dayanıqlı inkişaf üzrə elçisi təyin edilib.
Müharibə başlayandan hökumət işğala qarşı çıxanlara təzyiqi artırıb. Kreml “müharibə” sözünü yasaqlayıb, “xüsusi əməliyyat” termini işlədir. Putin martın 16-da xəbərdarlıq edib ki, Rusiya “satqınlar”dan təmizlənəcək.
Ötən həftə Arkadi Dvorkoviç dövlətin dəstəklədiyi “Skolkovo” texnologiya fondunun rəhbərliyindən istefa verib. O, Dmitri Medvedevin prezidentliyi dövründə onun iqtisadi müşaviri, 2018-ci iləcən baş nazirin müavini olub.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti olan Dvorkoviç Rusiyanın Ukraynanı işğal etməsini pisləmişdi.
Digər xəbərlər