Tarix: 23-03-2022 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu zaman keçdikcə daha da artmaqda və yüksək qiymətləndirilməkdədir”.
Qarabaginfo.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, hələ Ukrayna böhranından əvvəl, bu il fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycana nəinki mühüm etibarlı tərəfdaş olmasına, həm də enerji təhlükəsizliyində fəal roluna görə xüsusi təşəkkür etmişdi: “Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı dünyada mavi yanacağın qiymətinin sürətlə artması, Avropada anbarlarda qaz ehtiyatlarının azalmasının müşahidə olunduğu bir dövrdə keçirilirdi. Enerji böhranının tüğyan etdiyi bir vaxtda avropalı istehlakçıların enerji təminatındakı rolu ilə Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət etdiyini bir daha təsdiqləmişdi. Toplantıda 2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edildiyi açıqlanmışdı. Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunmuşdu. Bütün bunların fonunda Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun gələcəkdə daha mühüm və strateji önəmə malik olacağını birmənalı qəbul etmiş və yaxın gələcəkdə Azərbaycandan qaz tədarükünün artırılması üçün səylərini səfərbər etdikləri də sirr deyildi. Məsələn, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı, həmçinin Məşvərət Şurasının həmsədri Kadri Simson da toplantıda çıxışında demişdi ki, Məşvərət Şurasında Qərbi Balkanlardan bir çox nazir və təmsilçilər iştirak edir ki, bu da Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün nə dərəcədə əhəmiyyətli olmasının kifayət qədər sübutudur. Komissar Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səylərə görə Azərbaycan Prezidentinə təşəkkürünü da bildirmişdi. Qeyd etmişdi ki, bu, Avropanın qaz təchizatı təhlükəsizliyi baxımından çox vacib bir məqamdır və Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Kadri Simson dəhlizin ötürücülük qabiliyyətini artırmaq, hətta coğrafi baxımdan genişləndirmək məsələsini nəzərdən keçirməyi vacib saymışdı”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri toplantıda çıxış edən Prezident İlham Əliyevin Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olduğunu, yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu və ölkəmizin də buna hazır olduğunu vurğuladığını xatırladıb: “Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır. Azərbaycanın isbat edilmiş qaz ehtiyatı 2,6 trilyon kubmetrdir. Lakin neft və qaz yataqlarının işlənilməsi ilə bağlı təcrübəmizə baxsaq, yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində gözlənildiyindən daha böyük həcmdə ehtiyatlar aşkarlanıb. Buna görə də dövlət başçısı əminliklə bildirmişdi ki, Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çox olacaq. O cümlədən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə hasilata başlanılacaq. Yaxşı nəticə verəcəyinə ümid bəslədiyimiz digər böyük bir yataq “Babək”dir. Onun təxmin olunan qaz ehtiyatı 400 milyard kubmetrdir. “Ümid” yatağının qaz ehtiyatı ən azından 200 milyard kubmetrdir. Bizim çoxdan istismarda olan neft-qaz yataqlarımızdan biri – “Azəri-Çıraq-Günəşli”dən böyük gözləntilərimiz var. Onun tezliklə istismara veriləcəyinə ümid etdiyim dərin qaz hissəsində yüz milyardlarla kubmetr qaz olacaq və qısa zamanda hasil edilə biləcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə nəzərə çatdırmışdı ki, dəhliz enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər. Bu məqsədlə istehlakçılarla müqavilələrin imzalanması, investisiyaların yatırılması və qaz hasilatının artırılması, həmçinin interkonnektorların qurulması kimi prosesləri əhatə edən yeni bir fəaliyyət mərhələsinə başlamaq aktuallaşır. Nazir Azərbaycanın Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazır olduğunu nəzərə çatdırmışdı”.
T. Mirkişili qeyd edib ki, İspaniya da daxil olmaqla, artıq digər Avropa ölkələri də Azərbaycan qazının tədarükünə nail olmaq üçün Cənub Qaz Dəhlizinin genişlənməsi istiqamətində addımların atılmasında maraqlı olduqlarını ortaya qoymaqdadırlar. Onun sözlərinə görə, “EU Reporter” və digər Avropa nəşrlərində artıq burunla bağlı materiallar işıq üzü görməkdədir: “Ukrayna böhranı fonunda bu gün Rusiya qazından asılılığı azaltmağa çalışan Avropa üçün Cənub Qaz Dəhlizi və Azərbaycan qazı strateji əhəmiyyət daşıdığın birmənalı etiraf olunmaqdadır. Xüsusən Priney və Balkan yarımadasında yerləşən Avropa ölkələri bu gün müvafiq infrastrukturun yaradılmasına çalışırlar. Məsələn, “EU Reporter”-da işıq üzü görən məqalədə bildirilir ki, Cənub Qaz Dəhlizinə İspaniya İtaliyanın enerji infrastrukturu firması ilə Pireney yarımadasına tədarük marşrutunu genişləndirəcək yeni dəniz qaz kəmərinin tikintisini təşviq edir. Yaxın gələcəkdə Cənub Nəqliyyat Dəhlizi ilə Azərbaycandan Avropaya qaz nəqlini 2 dəfə artırmaq, yəni 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmağın mümkün olduğunu nəzərə alaraq, Avropa ölkələri müvafiq infrastruktur yaradılması istiqamətində səylərini aktivləşdiriblər. Başqa sözlə, Azərbaycandan qaz tədarükünü artırmaq Avropa İttifaqı üçün strateji hədəflərdən birinə çevrilib”.
Digər xəbərlər